Azərbaycan milli mətbuat tarixi və onun inkişafında “Molla Nəsrəddin” jurnalının özünəməxsus yeri və mövqeyi vardır. Mübaliğəsiz demək olar ki, “Molla Nəsrəddin” jurnalı publisistik püxtəliyi, jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə də müasirliyi və bəşəri dəyərlərə hörməti ilə səciyyələnirdi. Mübarizə amalını “xalqın xoşbəxtliyi yoluna” həsr edən bu jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər 25 il ərzində “vətən, millət, dil” ideyasına xidmət göstərdi.
“Sizi deyib gəlmişəm” baş proqramı ilə xalqına və vətəninə məhəbbətdən yoğrulmuş jurnalın ətrafında çoxsaylı ziyalı və ədiblər toplaşaraq “Molla Nəsrəddin” adlı bir məktəbi də formalaşdırmış oldular. “Molla Nəsrəddin” özünün satirik ruhu, şirin yumoru, sadə dili və xalqın xoşbəxtliyinə əsaslanan meyarı ilə milli yaradıcılıq ənənələrini yeni əsrdə bir qədər də inkişaf etdirmiş və zənginləşdirmiş oldu. Məhz onun xidmətləri sayəsində milli mətbuatımızda azərbaycançılıq düşüncəli kütləvi oxunaqlılığa malik yığcam publisistik janr nümunələri geniş meydan tapdı. Dövrünün görkəmli fikir adamı, söz və fikir zadəganı kimi geniş şöhrətə malik böyük ideoloq, məşhur “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin “Yaxşı yazırsınız… Belə də yazmaq olarmış” fikirləri də bu jurnalın milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli yeri və oynadığı misilsiz xidmətləri etiraf edən mühüm faktdır. Bu baxımdan xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətləri ilə yadda qalmışdır. Bu mənada bənzərsiz yumoristik jurnal olan “Molla Nəsrəddin” jurnalı “Dünyada sözdən böyük yadigar yoxdur” deyən böyük ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdikləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu. Görkəmli elm adamı, böyük mirzəcəlilşünas alim, akademik İsa Həbibbəylinin də yazdığı kimi: “Şərq aləminə ilk satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” dərgisi ilə başlamışdır. “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”.
Böyük alim və publisist Məhəmməd ağa Şahtaxtılının “Şərqi-Rus” qəzetindən başlanan “jurnalistika məşqindən” sonra qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə görkəmli ziyalı, əqidə və məslək dostu Ömər Faiq Nemanzadə ilə birgə dünyalarca məşhur olan “Molla Nəsrəddin” jurnalının əsasını qoydu. Mirzə Cəlil isə, deyildiyi kimi, bu jurnalın, o cümlədən mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu idi. 1906-cı il aprelin 7-dən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı “Əkinçi”dən başlanılan milli mətbuatçılıq ənənələrini davam etdirməklə bərabər Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirməyə və onu zənginləşdirməyə də müvəffəq oldu. Bu jurnalın xidmətlərindən biri də o idi ki, ətrafında birləşdirdiyi milli ziyalı və ədiblər kollektivindən Azərbaycan ictimai fikri və ədəbiyyatı tarixinə Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmmədsəid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli ədəbi simalar bəxş etdi. Karikatura və şəkillərə də üstünlük verən “Molla Nəsrəddin” dərgisi həm də Azərbaycan incəsənətində karikaturanın inkişafına böyük imkanlar açdı, Azərbaycanda satirik qrafika və karikatura sənətinin yaranmasına vasitə olduğu kimi Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Seyidəli Behzad, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov və başqaları kimi karikatura ustalarının da yaranması və meydana çıxmasına vəsilə oldu. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, maarif, nəşr və ictimai inkişaf baxımından bir çox türk-müsəlman xalqlarını qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyəti təzahür etdirirdi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Mollanəsrəddinşünasların yazdığı kimi də, “teleqram, atalar sözləri, poçt qutusu, bilməli xəbərlər” kimi məlum anlayışlar bilavasitə jurnalın kəşfi olaraq mətbuatda janr kimi yetkinləşmiş və jurnalın aparıcı janrlarına çevrilmişdir. 1906-cı ilin aprel ayının 7-də (yeni stillə 20-si) nəşr olunan “Molla Nəsrəddin” jurnalı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciəti ilə gələrək bütövlükdə xalqı, müsəlman və türk aləmini dostcasına sevərək özünə ünvan seçmişdi. “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!” – deyə həmvətənlərini oyatmağa səsləyən jurnal: “Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni… hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur” deməklə “gərək bir-birinizlə əl-ələ verəsiniz… yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur” fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və s. kimi zəngin məqalə və felyetonlar Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malik oldu. “…Hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət etmək”, – deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq məktəbi, vətənpərvərlik dərsliyidir.
Qısa fasilələrlə düz 25 il nəşr edilən və 748 nömrəsi çap olunan “Molla Nəsrəddin” jurnalı həm də yeganə mətbuat orqanı idi ki, bu qədər uzun müddətə nəşr olunmaqla özünəməxsus ənənələri ilə məktəb yaratmağa müvəffəq olmuş, həm də Azərbaycan ictimai fikir tarixində tənqidi-realizm cərəyanını formalaşdırıb (İkinci belə bir məktəb və romantizm cərəyanını yaratmış mətbuat orqanı “Füyuzat” idi – R.Qasımov). “Baraban” jurnalı rusca, “Şeypur” jurnalı isə Azərbaycanca bu məşhur mətbuat orqanının mütərəqqi ənənələrini davam etdirərək ən çətin və məsuliyyətli vaxtlarda Azərbaycan xalqına milli-ideoloji cəhətdən xidmət göstərmişlər. “Molla Nəsrəddin” jurnalı həm çap olunduğu müddət ərzində milli mənafe və ideologiyaya xidmət etmiş, həm də bu jurnal yeganə mətbuat orqanı idi ki, Azərbaycanın bütövlüyü və milli istiqlalı naminə Cənubi Azərbaycanda da fəaliyyət göstərib. Jurnal konkret ictimai mühit və dövrün tələbləri ilə bağlı hərəkət edir, dövrün ictimai sifarişlərini əsasa alaraq milli istiqlal və siyasi bütövlük ideallarını da ifadə edirdi. Söz yox ki, ilk işə başlayanda “siyasət sözünün baş hərfi olan “s” hərfinin adını çəkməyin qorxulu olduğunu” deyən ədib C.Məmmədquluzadə sonrakı dönəmlərdə ardıcıl olaraq siyasət məsələlərinə də biganə qalmayıb, Azərbaycanın birliyi və bütövlüyü, milli istiqlalı, milli həmrəyliyi kimi vacib məsələləri də qələmə alıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. Ümumiyyətlə isə, “Molla Nəsrəddin” jurnalı yeganə və ilk mətbuat orqanı idi ki, çap olunduğu yerlərin xəritəsi ilə də – Tiflis (indiki Gürcüstan), Təbriz (indiki İran) və müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı – Azərbaycanın tarixi ərazilərini əhatə edib, sözün əsl mənasında, böyük və bütöv Azərbaycan coğrafiyası və ideyasını ortaya qoyurdu. Vətən, dil və milli istiqlal məsələsi jurnalın əsas məqsədi və yaradıcılıq məramını təşkil edirdi. Və söz yox ki, məhz həyata keçirilən ardıcıl, davamlı, məqsədəuyuğn işlərin, əldə olunan milli-ictimai oyanış və birliyin nəticəsində 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsiz idi. Məlum olduğu kimi, Sovet dövründə də fəaliyyətini davam etdirən “Molla Nəsrəddin” jurnalının adının “Allahsız” adı ilə əvəzlənməsinə qarşı jurnalın naşiri və redaktoru Cəlil Məmməduluzadə qəti şəkildə etiraz edib, bu və digər səbəblərdən yeni dövrün sərt tənqid, qınaq və təqiblərinə məruz qalıb, 1931-ci ildə “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini dayandırıb, 1932-ci ildə isə böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə dünyasını dəyişib.
Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Mirzə Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək deyirdi: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Bu mənada, “Molla Nəsrəddin” jurnalı “Şərq həyatının ensiklopediyası” adlana biləcək, “xalqa… “öz camalını” göstərib, onu “fikirləşməyə” çağıran” bir məcmuə kimi keçdiyi keşməkeşli mübarizə və mücadilə yolunun millətimizin qarşısındakı böyük xidmətlərinə görə heç zaman öz əhəmiyyətini itirməyəcək, həmişə də öz gülüş və qəh-qəhələrilə yaddaşlarımızda düşünən və düşündürən publisistika kimi qalacaqdır.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent