Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

151

Sentyabrın 7-dən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda beş məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlik barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissiyalarının fəaliyyəti haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Komitə sədri bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadiyyat və nəqliyyatla bağlı memorandum və sazişlər təsdiq edilib. Söhbət sırf hərbi qanunvericilik aktlarının, sazişlərinin, memorandumlarının və protokollarının təsdiq olunmasından gedir. Bu sənədlərdə müdafiə sahəsində hər üç dövlətin birgə, eyni zamanda, ikitərəfli əməkdaşlığının sahələri, məqsədləri, bu əməkdaşlığı həyata keçirən dövlət orqanları, həmçinin spesifik xüsusiyyətlər nəzərə alınıb.

Ziyafət Əsgərov, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, 2017-ci il dekabrın 1-də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun qəbul edilib. “Bu Qanunun qəbul edilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, vətəndaşlarımızın sağlamlığının qorunması, eyni zamanda, xüsusilə gəclərin sağlam böyüməsi və onların zərərli vərdişlərdən uzaq olması, ekologiyanın qorunmasıdır. Bu Qanunun tətbiqi ilə əlaqədar digər qanunverici aktlarına da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, bu gün gündəliyə daxil olunan iki sənədin bir neçə maddəsində papiros sözü tütün sözü ilə əvəz edilir. Tütün məmulatlarının istifadəsi genişdir, tək bir papirosla məhdudlaşmır. Ona görə də bu Qanunla müəyyən olunmuş hallarda tütün məmulatlarının istifadəsi qadağan edilir”,-deyə Komitə sədri vurğulayıb.

Komitə üzvləri gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: