Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

146

Sentyabrın 28-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin birinci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa başqa silahlı birləşmələrdən ibarətdir. Nəzərə alınmalıdır ki, artıq həm Azərbaycan Ordusu, həm də başqa silahlı birləşmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsini təşkil edir. Belə olan halda, çoxsaylı qanunvericilik aktlarında istifadə olunan “Silahlı Qüvvələr və başqa silahlı birləşmələr” sözlərinə ehtiyac qalmır.

Bildirilib ki, layihədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən hərbi qulluqçuların statusu ilə bağlı təkliflər də mövcuddur.

Hazırda Azərbaycan Ordusuna və başqa silahlı birləşmələrə aid olmayan, lakin tərkibində hərbi qulluqçuların xidmət keçdiyi müəyyən qurumlar var ki, (məsələn, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları istisna olmaqla digər müəyyən qurumlar – Hərbi Prokurorluq və s.) həmin qurumların hərbi qulluqçularının öz hərbi qulluqçu statusunu itirməməsi və onların maddi təminatının pisləşməməsi baxımından Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ( Azərbaycan Ordusu və siyahısı Fərmanla müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən şəxslərin də hərbi qulluqçu hesab olunması təklif olunur.

Diqqətə çatdırılıb ki, artiq cari il sentyabrın 1-dən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması nəzərdə tutulur. Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq qanunun ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11 maddəsinin ləğv edilməsi təklif edilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulan daha bir dəyişikliyə əsasən hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaq) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər. Eyni zamanda, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahli Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılır.

İclasda, həmçinin Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanuni ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Dəyişikliyə əsasən, törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrumetmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır.

Hər iki qanundakı dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir. Sərəncamdan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Məcəllənin müvafiq maddələrində dəyişikliklər nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Mövcud dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırılma məqsədi daşıyır.

Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: