Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

148

Mayın 30-da keçirilən Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, komitə sədri Hadi Rəcəbli layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər verildiyini diqqətə çatdırıb. Səsləndirilən fikirlər ikinci oxunuş üçün təqdim olunan sənəddə öz əksini tapıb. Vacib məqamlardan biri layihəyə qeyri-formal məşğulluğa dair ayrıca bir fəslin daxil edilməsidir. Qeyd edilib ki, bütün ölkələrdə sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq mövcuddur. Dünya üzrə bununla bağlı göstərici 65 faiz təşkil edir. Qanunda bu məsələlərin təsbit edilməsi insanların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığa dəstək və obyektivlik nöqteyi nəzərindən mütərəqqi yenilikdir.

Qanun layihəsi barədə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib. Bildirilib ki, qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanuna bəzi redaktə xarakterli düzəlişlər edilib. Eyni zamanda, qeyri-formal məşğulluqla bağlı yeni beşinci fəsil əlavə olunub. Bu fəsildə qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi, “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı, qeyri-formal məşğulluq sahəsində maarifləndirmə məsələləri ehtiva olunur.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd edib ki, qeyri-formal məşğulluq ölkə iqtisadiyyatına birbaşa zərbə vurur. Vergi, sosial sığorta, digər ödənişlər həyata keçirilmir, bu sektorda çalışanlar normal iş rejimi ilə təmin olunmur. Bu problemlə bütün dünya ölkələri üzləşir və onun aradan qaldırılması istiqamətində araşdırmalar aparılır, müəyyən addımlar atılır. Qanuna əlavə olunan qeyri-formal məşğulluqla bağlı yeni fəsildə göstərilən məsələlər bu sahədə iqtisadi, stimullaşdırıcı və maarifləndirici tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən birgə nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır. Bununla əlaqədar qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları, ictimai birliklər birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini aparmalıdırlar.

İclasın sonunda “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: