Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

252

İyunun 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyi təqdim edib.

İclasda əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Məşğulluq sahəsində şəxslər müəyyən hüquqlara malikdirlər. Belə ki, onlar fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək, əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq və sair kimi hüquqlara sahibdirlər.

Sonra əmək və sosial siyasət komitəsinin 2018-ci il yaz sessiyası müddətində gördüyü işlər diqqətə çatdırılıb. Hadi Rəcəbli bildirib ki, yaz sessiyası ərzində əmək və sosial siyasət komitəsinin 10 iclası keçirilib, 33 məsələyə baxılıb, iki qanun işlənilib. Komitəyə 477 sənəd, 500-ə qədər ərizə və şikayət daxil olub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: