2019-cu ildə dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır
Noyabrın 6-da Milli Məclisin əmək və sosial siyasət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri və mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dünyada gedən bütün proseslərə rəğmən ölkəmizdə ulu öndər Heydər Əliyevin yaratdığı sosial sabitlik bazasında sosial rifahın hökm sürdüyünü deyib. Bildirib ki, son 10 ildə Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlərin həcmi daim intensiv olaraq artıb. Büdcənin əsas məqsədi əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına yönəlib.
Komitə sədri deyib ki, gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub.
Büdcədə təklif edilən yeniliklərdən danışan Hadi Rəcəbli qeyd edib ki, sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır.
Komitə sədri bildirib ki, gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir.