Elə əzəldən bəri bu torpağın başı çox bəlalar çəkdi. Havasına, suyuna, hər qarış münbit torpağına gözü düşüb yad ellərin… Bu torpaqdan ötən, ölən də, bu torpaqda bitən də çox olub. Üçrəngli bayrağın göydə elə məğrurcasına dalğalanmağına baxmayın, qəlbi yaralıdır bu torpağın…
…Çox həsrət, nisgil yaşasa da “Pis günün ömrü az olur”-deyirlər. Neçə-neçə ağrılı, həsrətli illər keçib getmiş, zaman öz növbəsini 1989-cu ilə vermişdi. Bu il özüylə birlikdə həmrəylik, sülh gətirmişdi. Artıq tikanlı məftillər sökülür, ruhən heç vaxt ayrılmayan bir xalq öz doğmasına, yaxınına, bir-birinə qovuşurdu. Üzlərdəki təbəssüm göz yaşına qarışmış, kim bilir neçə qardaş, neçə dost saatlarla bir-birini qucaqlayıb ağlamışdı?
Və hər şeyin şahidi, illərin, əsrlərin sinəsindən süzülüb axan, hər axdıqca bir az da durulan Xan Araz! Onu da günahlandıran az olmadı, kiminin dərdini danışdığı, kiminə də dərd olan Araz əslində iki şəhəri bir-birindən ayıran çay deyil, o tayı bu taya bağlayan ən əzəmətli körpü idi. Əminəm ki, həmin məqamda sevincindən hamıdan çox ağlayan, aşıb-daşan, göz yaşı ilə dalğalanan biri daha var idi-Araz! Çünki tək-tək yaxınları ilə həsrətə son qoyanlardan fərqli olaraq Araz minlərə, milyonlara qovuşmuşdu. Sanki zaman Arazın köksündə, təbəssümlü göz yaşında donaraq əbədiləşirdi.
Beləliklə, həmrəyliyimizin əsası qoyuldu. Bu həmrəylik 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərmana əsasən bayrama çevrildi. Sərhədlərin sökülməsi ilə başlanan milli həmrəyliyimiz daha geniş miqyasda bütün dünya azərbaycanlılarının birliyinə təkan vermiş oldu. Hal-hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Və 31 dekabr harada olmasından asılı olmayaraq şimallı-cənublu, şərqli-qərbli bütün azərbaycanlılar bu bayramı eyni sevinc, eyni fərəh hissi ilə qarşılayırlar.
Hərflər ayrı-ayrılıqda heç bir məna ifadə edə bilmir. Onlar yalnız yan-yana düzülüb bir araya gəldikdə böyük məfhumları, adları yaradır, hissləri, düşüncələri ifadə edirlər. Millət də belədir. Nə qədər birgə olsan, o qədər güclü olursan. Bu gün bizim dünyanın çoxsaylı ölkələrində qəlbi vətən sevgisi ilə döyünən həmvətənlərimiz var. Azərbaycanın 10 milyon əhalisi başqa ölkələrdə yaşayan milyonları ilə birgə 50 milyon olduğu üçün güclüdür. Bu gün bir çox ölkədə üçrəngli bayrağımızı zirvələrə qaldıran gənclərimiz, vətənin fəxri olan yüzlərlə bacı-qardaşlarımız var. Bizi Qorqud qanı, oğuz ruhu, vətən sevgisi birləşdirir.
Harada yaşayırsa yaşasın heç bir azərbaycanlı öz dilini unutmur. Yeni doğulan körpələrinə şirin laylaları, oxşamaları, ilk nağılları ana dilində deyirlər. Axı hansı bir dil Azərbaycan dili qədər şirin ola bilər ki? Hansı dilin nağılı “Məlikməmməd” qədər gözəl səslənər? Hansı dilin laylası bu dil qədər axıcı olub hopar körpələrin canına? Ona görə hər yerdə yaşayır, əbədiləşir bu dil. Dil varsa millət var, millət varsa vətən var.
Dalğalan, ey şanlı bayraq! Bu gün birliyindən, həmrəyliyindən qürur duy, Anam Azərbaycan! Sən dədəm Qorqud əmanəti, ulu babaların mirasısan! Sən güclüsən, sən əbədisən! Çünki sən təkcə 86.6 kv kilometrdə yox, bütün dünyada yaşayırsan. Səni yaşadanlarda, dilində danışanlarda, bayrağını ucaldanlarda yaşayırsan.
Həmrəyliyin əbədi olsun, Vətən! Mavi səmalarda hər sabah doğulan sönməz günəş kimi…
Min illərdir qocalmayan, hələ də coşquyla dalğalanan Xan Araz kimi…
Bəlkə də bir Şəhriyar şeiri kimi… Misra-misra birlikdəlik, həmrəylik və kəlmə-kəlmə əbədilik…
Gülay Tahirli
Naxçıvan Dövlət Universitetinin tələbəsi