Milax kəndində  bir gün - Abadlaşan kəndlərimiz

459

Yolumuz  Zəngəzur  sıra dağlarının ətəyində yerləşən Məlyəva, Turist və Nisə çeşmələri kimi gözyaşıtək saf bulaqları ilə məşhur olan, çəməndəki rəngarəng çiçəkləri və təbiət lövhələri ilə insanları öz qoynuna səsləyən  Milax kəndinədir. Yol boyunca dağ yamaclarında bitən qırxbuğum, dağ zirəsi, kəklikotu, əvəlik, boymadərən, bağayarpağı kimi müalicəvi əhəmiyyətə malik olan çoxsaylı bitkilər, nadir kollar bu torpağın bar-bərəkətindən xəbər verir.

Bu yurd yeri əsasən təpə üzərində yerləşir. Kəndin ətəyindən yol salaraq zümzüməsi ilə ətrafındakı yaşıllıqları məst edən Əlincə çayı təkcə Milaxın deyil onlarla kəndin əsas su mənbəyidir. Kəndin sağ tərəfindən axan Zoğala çayı isə buradakı əkin sahələrinin xeyli hissəsini qidalandırır.

Bu yurd yerinin tarixi də qədimdir. Milax kənd tam orta məktəbinin tarix müəllimi Bəhman Əliyevin verdiyi məlumata görə, 1934-cü ildə aparılan ekspedisiya zamanı eramızdan əvvəl dördüncü və üçüncü minilliyə aid olan birinci və ikinci “Zoğala” yaşayış massivi aşkar olunub. Həmin vaxt buradan tapılan “Qrifon” (qabın üzərində çəkilən əfsanəvi varlıq) hazırda  Bakıda Ədəbiyyat Muzeyində nümayiş olunur.

Milax camaatı halal çörək üçün tər axıdan zəhmətkeş insanlardır. Qonaqpərvər kənd adamlarının əsas məşğuliyyəti təsərrüfatdır. İndi bu yerlərdə qaynar həyat insanın ruhuna xoş təsir bağışlayır. Bir tərəfdə məhsul yığılır, digər tərəfdə əkin sahələri suvarılır. Kəndin  icra nümayəndəsi Ricay Sadıqovun verdiyi məlumata əsasən kəndin 30 hektara yaxın əkin sahəsi var. Burada taxıl, sarımsaq, noxud, lobya, kartof, soğan, pomidor, xiyar yetişdirilir. Təsərrüfatçılardan taxıla üstünlük verənlər də var.  Aranla müqayisədə burada havalar gec isinir. Ona görə də hələ ki, bazara ancaq məşhur yerli xiyarı çıxara bilirik. Digər tərəvəzlər isə iki həftədən sonra yetişəcək. İstər rayon mərkəzində, istərsə də Naxçıvan şəhərində təşkil olunmuş kənd təsərrüfatı  məhsulları satış yarmarkasına digər məhsullar-sarımsaq, noxud, lobya, pomidor, soğan və kartof da  çıxaracağıq.

Kənddə əsas təsərrüfat sahələrindən biri arıçılıqdır. Hər il burada bol və keyfiyyətli bal istehsal edilir. Kənd sakini MusaməliHacıyev uzun illərdir ki, bu sahə ilə məşğul olur. Deyir ki, zəngin təbiətimiz var. Arıçılıq üçün sərfəlidir. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da yetərincədir. Arı  xəstəliklərinin qarşısını almaq üçün vaxtlı-vaxtında dərmanlarla təchiz olunuruq. Baytar həkimlər də mütəmadi olaraq gəlib təsərrüfatlarımıza baxır, profilaktik tədbirlər aparırlar. Bunun nəticəsidir ki,  arı ailələrinin sayını 60-a çatdırmışam. Arıçılıqdan  yaxşı gəlir əldə edirəm. O bildirdi ki, hər il 400-500 kiloqram bal satır. Bundan əlavə vərəmum, arı südü, çiçək tozu, güləm, hətta mum vərəqini də özləri istehsal edirlər. MusaməliHacıyev söyləyir ki, biz istəsək, daha artıq bal istehsal edə bilərik. Lakin  məhsul vaxtı balı pətəkdən tamamilə götürüb arıları ac buraxmırıq. Çünki onlar yalnız bol yem görəndə çoxlu yumurta qoyurlar. Arı elə möcüzəli varlıqdır ki, o heç vaxt səhv etmir, əksinə, sənin səhvlərini düzəldir, səhvi öyrədir. Buna görə də biz hər pətəkdə ən azından 5 kiloqram bal saxlayırıq, onu başqa şirə ilə əvəz etmirik. Erkən yazda isə pətəklərə tənzifə hopdurulmuş bal qoyuruq. Belə olanda arılar daha  yaxşı işləyirlər. Ona görə də istehsal etdiyimiz bal keyfiyyətlidir, təmizdir. Özümüz isə rahatıq ki, halalımıza haram qatmırıq.

Muxtar respublikamızda son illər həyata keçirilən möhtəşəm quruculuq işlərindən bu kənd də öz payını alıb. Son illərdə bu yaşayış məntəqəsində yenidən qurulan məktəb binası, kənd və xidmət mərkəzləri, abadlaşan yollar, bir sözlə, insanların gün-güzəranını xeyli dəyişdirən belə diqqət və qayğı kənd adamlarını bu yurda daha sıx tellərlə bağlayır.

Kənddə olduğumuz zaman burada geniş quruculuq tədbirləri aparılmış obyektlərlə yaxından tanış olmaq imkanı əldə etdik. Kənd tam orta məktəbinin direktoru Nəbi Tağıyev ilə həmsöhbət olduq. Bildirdi ki, əvvəllər köhnə, heç bir şəraiti olmayan binada fəaliyyət göstərən məktəb, bu gün yaraşıqlı binada, elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunub. Son illər təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar bir sıra uğurların əldə edilməsi ilə nəticələnib. Belə ki, bu tədris ilində məktəbin 9 nəfər məzunu olub. Onların hamısı ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında yüksək nəticələr göstərib. Məzunlardan biri – Quliyev Tayfun isə 540 bal toplayaraq valideynlərini və pedaqoji kollektivi  sevindirib.

 Kənddə milli dəyərlərimiz də qorunub saxlanılır və təbliğ olunur. Burada fəaliyyət göstərən mədəniyyət evinin kollektivi nəinki insanların asudə vaxtının səmərəli təşkilində, eləcə də musiqi mədəniyyətimizin yaşadılması istiqamətində də öz səylərini əsirgəmir. Kənd mədəniyyət evinin direktoru Elman Hacıyev söyləyir ki, onların kişilərdən ibarət yaratdığı “Tənzərə” yallı kollektivi və qadınlardan ibarət “Gülümey” folklor qrupu istər rayonda, istərsə də Naxçıvan şəhərində keçirilən baxış müsabiqələrində fəal iştirak edir. Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yallı” festivalında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomu ilə təltif olunub. Bundan başqa, burada rəsm, xalq mahnıları və misgərlik dərnəkləri də fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvü Gülay Zeynalovanın 15-dən yuxarı rəsm əsəri rayon Mədəniyyət Şöbəsində sərgilənir.

Misgərlik dərnəyinin rəhbəri Rizvan Hüseynovla da görüşürük. Onun 7 nəfərə yaxın dərnək üzvü var. Onlar Rizvan Hüseynovdan bu incə zövqlü sənətin sirlərini öyrənir. Hazırda onun yetirmələrinin əl işləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzinin təşkil etdiyi xalq yaradıcılığı günlərində təşkil olunmuş sərgilərdə bəyənilmiş və diplomlara layiq görülmüşdür.

Rayonumuzun ucqar dağ kəndi olan Milax bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.Çünki bu gün muxtar respublikamızın ən ucqar dağ kəndlərində yaradılmış infrastruktur sakinlərin sabaha olan inamlarını artırıb. İndi hər kəs rahat şəkildə öz təsərrüfatı ilə məşğul olur, gün-güzəranını, dolanışığını təmin edir. Dövlət tərəfindən də bu sahəyə yardımlar edilir, əvvəlki dövrlərdən fərqli olaraq indi istehsal olunan məhsulların daimi bazarı var. Hər həftə rayon mərkəzində və Naxçıvan şəhərində təşkil edilən kənd təsərrüfatı  məhsullarının satış yarmarkaları kəndlinin üzünü güldürür. Elə Milax kənd sakinləri də yaradılan bu imkanlardan yararlanaraq muxtar respublikamızın iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.

      Hüseyn Şəkərəliyev

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: