Maliyyə işçiləri üçün kurs təşkil olunub
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “Maliyyə hesabatlarının hazırlanması və mühasibat uçotu sahəsindəki yeniliklər” mövzusunda təlim kursu keçirilib.
Təlim iştirakçıları əvvəlcə Naxçıvan Biznes Mərkəzi ilə tanış olublar. Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən kursda muxtar respublikada fəaliyyət göstərən müsəssisələrin sahibkarları və mühasibləri iştirak edib. Konfederasiyanın sektor müdiri Azər Cəfərov bildirib ki, keçirilən təlim kursları sahibkarlığın inkişafına stimul verir, beynəlxalq miqyasda tətbiq olunan yeniliklər diqqətə çatdırılır.
“Kommersiya təşkilatlarında beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının hazırlanması” barədə mühazirə ilə çıxış edən uçot üzrə təlimçi Elvin Əlimərdanov mühasibatlıq sahəsinə yeniliklərin gətirilməsi və yeni metodların tətbiq edilməsi barədə məlumat verib. Həmçinin maliyyə hesabatlarının formaları, mahiyyəti və məqsədi, maliyyə bərabərliyi düsturunun elementləri, hazırlanma konsepsiyaları, maya dəyərinin hesablanması və digər mövzular barədə slayd vasitəsi ilə iştirakçılara məlumat verilib.
Röyal Kərimov