Malayziyada “The Globalist” jurnalının AXC-nin 100-cü ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin Malayziyadakı səfirliyi tərəfindən həyata keçirilən yubiley tədbirləri çərçivəsində Malayziyanın nüfuzlu “The Globalist” jurnalının xüsusi buraxılışı nəşr edilib.
NUHÇIXAN xəbər verir ki, jurnalda Azərbaycanın dövlətçilik tarixi və müasir iqtisadi inkişafına dair məlumatlar geniş şəkildə işıqlandırılıb.
Jurnalın xüsusi buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair Sərəncamı ilə başlayır. Sonrakı bölmələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında, o cümlədən Azərbaycana dair ümumi məlumatlar, ölkəmizin xarici siyasi prioritetləri, ölkə iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, Azərbaycanın turizm potensialı və müasir infrastrukturuna dair məlumatlar geniş yer alıb.
Jurnalda dərc olunan məqalələrdə Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olması və xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyması oxucuların diqqətinə çatdırılıb. Həmçinin qeyd olunub ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifələri şərəflə yerinə yetirib və Paris Sülh Konfransında müstəqil dövlət kimi de-fakto tanınıb. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradıb, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlayıb. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi qəbul edilib, Azərbaycan dili dövlət dili elan edilib və dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin milli təhlükəsizliyi təmin edilərək, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub.
Jurnalda Azərbaycan-Malayziya əlaqələrinə dair ayrıca bölmə də yer alıb. Burada iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və ikitərəfli əlaqələrin perspektivlərinə dair məlumatlar öz əksini tapıb. Həmçinin Malayziyanın hazırki Baş naziri Mahathir Məhəmmədin 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu çərçivəsində Azərbaycana səfəri və bu səfər zamanı Prezident İlham Əliyevlə yaddaqalan görüşü geniş şəkildə işıqlandırılıb.
Jurnal Malayziya cəmiyyəti tərəfindən maraqla qarşılanıb.