Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Qeyd edək ki, 13 avqust saat 9:25-ə olan məlumata əsasən, 570 bakalavr elektron ixtisaslaşma seçimi ərizəsini təsdiq edib.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.