Məscid və mərasim evi istifadəyə verilib, dini icmalara xidməti avtomobillər təqdim edilib
Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilir. Eyni zamanda Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə xidməti avtomobillər təqdim edilir. Bu, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub.
Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib. Qeyd olunub ki, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi ölkəmizin inkişafına, sabitliyin möhkəmlənməsinə xidmət edir. Din mənəviyyatdır. Saf dini dəyərlər isə sağlam cəmiyyət və sağlam insanlar deməkdir. İnsanın mənəviyyatı nə qədər yüksəkdirsə, deməli o, ölkəsi və xalqı üçün dəyərli vətəndaşdır. İslam insanları düz yola dəvət edən mütərəqqi dindir. Ona görə də İslam dini olduğu kimi insanlarımıza çatdırılmalı, dini-mənəvi dəyərlərimiz qorunmalıdır.
Ali Məclisin Sədri deyib: Bu gün dövlətimiz İslam dəyərlərinin olduğu kimi təbliğini diqqətdə saxlayır, dinə əsassız müdaxilələrin qarşısı alınır. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumu tərəfindən həyata keçirilir. Muxtar respublikamızda da bu sahə üzrə dövlət təşkilatı fəaliyyət göstərir. Bu gün Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə dini icmalar arasındakı əlaqələr dövlət-din münasibətlərinin tənzimlənməsinə və möhkəmlənməsinə xidmət edir. Birgə fəaliyyət isə həm ölkəmizə, həm də insanlarımıza fayda verir.
Babək qəsəbə sakini Hidayət Hüseynov çıxış edərək deyib: Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər böyük məmnunluq doğurur. Ziyarətgahlarımız bərpa olunur, yeni məscidlər tikilir, ibadət üçün hərtərəfli şərait yaradılır. Qəsəbəmizdəki məscid də köhnə binada yerləşdiyindən dindarlar üçün lazımi şərait yox idi. Mərasim zalının olmaması isə əlavə çətinliklər yaradırdı. Lakin dini-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Babək qəsəbə məscidi əsaslı şəkildə yenidən qurulub, yeni mərasim evi tikilib. Bu isə həm dindarlar üçün lazımi ibadət şəraitinin yaradılması, həm də sakinlərin rahatlığının təmin olunması deməkdir. Hidayət Hüseynov yaradılan şəraitə görə rayon dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.
Şərur rayon dini icmasının rəhbəri Nəsib Novruzov minnətdarlıq edərək deyib ki, muxtar respublikada dini icmalar qayğı ilə əhatə olunub. Yaradılan şərait, göstərilən qayğı dini dəyərlərimizi olduğu kimi təbliğ etməyə imkan verir.
Sonra məscid binasına və mərasim evinə baxış olub.
Bildirilib ki, məsciddə kişi və qadınların ayrılıqda ibadəti üçün 2 zal yaradılıb, imam və imam naib otaqları istifadəyə verilib, fərdi istilik sistemi quraşdırılıb, yeni minarə tikilib. Yeni tikilən mərasim evi də kişi və qadın zallarından ibarətdir. Binada mətbəx yaradılıb, zəruri məişət əşyaları, fərdi istilik və soyutma sistemləri ilə təmin edilib.
Ali Məclisin Sədri İslam dininin olduğu kimi təbliği və dini maarifçilik işinə diqqətin artırılması barədə müvafiq tapşırıqlar verib.
Məscidin və mərasim evinin həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.