Mənim qəhrəmanım: Hacı Əliyev - Sahil Tahirli yazır

Avropada “Günün döyüşü” : Naxçıvan güləşçisi kişi kimi vuruşdu

178

Fikrimcə, Naxçıvan güləşçisi Hacı Əliyev yeni dövr Milli Qəhrəmanlarımızdan biridir. Çünki, indi dünyanın həsəd apardığı, hər gənc idmançının özünə kumir seçdiyi Hacı düz beş kərə  – 3 dəfə dünya, 2 dəfə isə Avropa çempionatlarında bayrağımızı başı üzərinə qaldırıb.

Üzeyir Hacıbəyli ruhlu, Əhməd Cavad nisgilli himnimizi səsləndirib. Ona görə Hacıya Milli Qəhrəman deyirəm ki, o həm səfirdi, həm diplomatdı, həm səngərdə keşik çəkən döyüşçü əsgərdi, həm də Azərbaycanın siması olan gənc və perispektivli idman elçisidi.

Ölkələr varki hələ də Dünya və Avropa çempionatlarında 1 bürünc medal belə qazana bilməyiblər. Ancaq Hacı təkbaşına  5 qızıl medal qazanıb!

1991-ci ildə Naxçivan şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan bu “qızıl oğlan” hələ uşaq yaşlarından valideynləri tərəfindən ciddi cəhdlə güləşə cəlb olunub. İlk müəllimi atası Azər Əliyev, çəmənlikdə, göy otların üstündə ilk rəqibi isə qardaşı – 2013-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olmuş Yaşar Əliyev olublar. Yüksək idmançı intizamı, özünə qarşı tələbkarlıq, Naxçıvanda gənc idmançıların yetişməsi üçün mövcud olan lazımı şərait və dəstək Hacını qısa vaxtda Milli komandamızın tərkibinə qatıb.

 Hələ bir neçə il əvvəl 3 dəfə ard-arda dünya çempionu titulunu qazanan qəhrəmanımız Azərbaycan güləş tarixində bir ilkə imza atmışdır.

Hacı bu gənc yaşında həm də “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, XXXI Yay Olimpiya Oyunlarının və I Avropa Oyunlarının bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibidir…

Budur, ötən gün Hacı yenə də döşək üzərinə çıxıb.

Rusiyada keçırılən Avropa çempionatında sərbəst güləşçimiz 65 kq çəkidə əvvəl avstriyalı, sonra isə türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək final yolunu açır. Finaldakı rəqib ev sahibi – rusiyalı idmançı İlyas Bekbulatovdur. Güclü rus güləşçi 8 dəqiqəlik görüşün ortalarında Hacını 5-0 üstələsə də, pəhləvanımız inadla döyüşür və son anda 8-7 hesabı ilə rusiyalı rəqibinə və zalı dolduran çoxsaylı yerli azarkeşlərə “şok” yaşadır.

Çünki o, Haçadağın vüqarını biləyində, Arazın nəğməsini ürəyində gəzdirən Hacı Əliyevdir…

Nəfəslərimizi tutub izlədiyimiz bu qarşılaşmanı Dünya Güləş Federasiyası (FİLE) “Günün döyüşü” elan edir.

Bəli, Naxçıvan idmançısı Avropada günün adamı, günün döyüşçüsü, günün qəhrəmanı, üçrəngli bayrağın bayraqdarı, dünyada yaşayan milyonlarla azərbaycanlının qürurudur!!!

Təbriklər, Hacı!

Qoy, babalarımızın ruhu və nəfəsi ilə dalğalanan, şəhidlərimizin qanı ilə qidalanan ay ulduzlu mələyimiz sənin kimi nümunəvi gənclərin başı üzərindən enməsin!

Naxçıvan, Azərbaycan səninlə qürur duyur, üçqat Dünya, ikiqat Avropa çempionluğun mübarək!!!

Səni bağrımıza basırıq, sən MİLLİ UCALIĞIMIZ olan bayrağımızı həmişə bağrına basıb ucalara qaldırdığın kimi…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: