Mənim Naxçıvan dünyam

796

Stolumun üstündə yenicə çapdan çıxmış tanınmış jurnalist Muxtar Məmmədoğlunun “Mənim Naxçıvan dünyam” adlı kitabı var. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr edilən kitab məni uzun illər əvvələ apardı. 2004-cü ilin elə bu vaxtları idi. “Şərq qapısı” qəzetində əmək fəaliyyətimə başladığım ilk günü  tapşırığa uyğun olaraq qələmə aldığım yazını qəzetin şöbə müdiri Muxtar Məmmədova verdim.  Üstündən 10 dəqiqə keçməmiş, dedilər ki,  Muxtar müəllim səni çağırır. Yazını mənə qaytararaq dedi ki, apar, düzəlişlərini elə, bir də gətir. Kağızı əlimə alanda təəccübləndim. İlahi, redaktədən yazım görünməz olmuşdu. O an düşündüm ki, mövzunu yaxşı işləyə bilməmişəm. Gözlərim dolmuş halda otaqdan çıxdım. Həmin yazım qəzetdə gedəndə öz orijinalımla Muxtar müəllimin düzəlişlərini yan-yana qoydum: Muxtar müəllim yazımı əməlli-başlı “ətə-qana” gətirmişdi. Acıqla çıxdığım o otağın qapısını sonralar gündə bir neçə dəfə açırdım. Yazılarımı aparıb qoyurdum Muxtar müəllimin stolunun üstünə. Bəli, o gündən orta məktəbdə birinci sinfə gedən şagirdin əlindən tutub oxumağı, yazmağı öyrədən müəllim kimi Muxtar müəllim də mənim mətbuatda özümü tapmağım üçün ən böyük dəstəkcim oldu. 2016-cı ilə qədər düz 12 il onunla çiyin-çiyinə “Şərq qapısı” qəzetində  birgə çalışdıq. Məktəbim “Şərq qapısı”, müəllimim Muxtar Məmmədov oldu. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər ikimiz “Tərəqqi” medalına layiq görüldük. Çox sevinirdi. Çünki illərdir, əziyyətini çəkdiyi yetirməsinin ən böyük mükafata layiq görülməsi onu xeyli qürurlandırmışdı.

Necə tanıyıram mətbuatın cəfakeşi olan bu insanı? Muxtar müəllim ömrünü qələmə bağladığı gündən yalnız öz işi, sənəti, mən deyərdim ki, birbaşa qələmi ilə məşğuldur. 60 yaşın astanasında olan Muxtar müəllimin bu dünyada yığdığı, topladığı varidat SÖZdür. Onu həmkarlarından fərqləndirən bir cəhəti də məhz öz mövzularına və qələminə sadiqliyidir. Kimdir qəhrəmanları? Naxçıvanın müxtəlif kəndlərdə yaşayan sadə əmək adamları. Muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, Muxtar müəllim o kənddən yazı hazırlamasın. O yazıların böyük dəyəri var. Çünki o, Naxçıvan kəndlərinin bugünkü mənəzərəsini sözün gücü ilə böyük məharətlə yaradıb. Bist, Biləv, Şada, Havuş, Gərməçataq, Yurdçu, Qaraağac… Siyahı çox uzundur. Naxçıvanın bugünkü mənzərəsini  görüb həmin yaşayış məntəqələri haqqında dolğun fikir yaratmağı Muxtar müəllim illərdir ki, ürəyinin səsi, qələminin gücü ilə oxucuya çatdırır.

Kitablar haqqında yazdığı resenziyalar, esselər, müxtəlif insan talelərini özündə əks etdirən oçerklər, bəzi kitablara yazdığı ön sözlər. Bütün bu mövzularda Muxtar müəllim hər bir gənc jurnalist üçün bir örnək, oxucu üçün səmimi müəllifdir. Dili aydın, rəvan, axıcı, səlis və təsiredicidir. Buna görə, yazdıqları oxucunun yadında qalır. Bu müəllifi oxuyanda yorulmursan, bezmirsən.

“Şərq qapısı” qəzetinin çapa hazırlanmasında əməyi, zəhməti, yuxusuz gecələri, sıralanmağa layiq çoxlu dəyərli xidmətləri var. Demək olar ki, hər gün sözlə işləyir, sözlə üzləşir, sözlə mükafatlanır. Söz onun, o da sözün sözündən çıxmır. Sevinc və kədərini də söz aləmində tapır. Beləliklə, ömrünü Söz adlı dünyada yaşadır.

Əgər məndən soruşsalar ki, Muxtar Məmmədov kimdir? Tam səmimiyyətlə deyərəm: Hər şeydən əvvəl mənim üçün böyük müsbət keyfiyyətlərə malik bir insan. Bu sözü də tez-tez işlədirik. Ürəyi təmiz insan. Bəli, Muxtar  müəllim həm də ürəyi təmiz bir insan kimi qəlbimdə özünə yer tapıb.

Bir qədər geriyə qayıtmaq istəyirəm. Qəzetdə işlədiyim ilk illərdə bəzən gənc jurnalistlər arasında, yaxşı mənada, paxıllıq yaşanırdı. Səmimi etiraf etməliyəm ki, xüsusilə də mən istəmirdim ki, o, özümə rəqib bildiyim həmkarlarımdan kiminsə yazısını redaktə etsin. Bu təbii ki, yaşın və gəncliyin çılğınlığı idi. Yaxşı bilirdik ki, Muxtar müəllim hansı jurnalistin yazısını redaktə edirdisə, o yazı yüksək qarşılanırdı. O, mənə digər gənc jurnalistlərlə müqayisədə daha yaxın idi –  ata-bala kimi. Ancaq sonra anladım ki, o, bütün gənclərin yazısına eyni gözlə baxırdı. Həm də yorulmadan. Bəlkə, buna görə də, Muxtar müəllimin bu gün mənim qəlbimdə çox işıqlı, aydın bir portreti var. Hansı yöndən yanaşsan, qüsursuz, nöqsansız bir insan kimi mənə əzizdir.

Yazımda bir amili də xüsusi vurğulamalıyam. Muxtar müəllim yüzlərlə yaddaqalan yazının müəllifidir, gözəl ailəsi var, dörd övlad atasıdır, babadır, həmkarları arasında sayılıb-seçilən jurnalistdir. Amma həyatda qazandıqları təkbaşına əldə edilməyib. Muxtar müəllimin qayğısını çəkən, əziyyətlərinə dözən bir qadın var ki, onun adını mütləq çəkməliyəm. Bu, onun ömür-gün yoldaşı Çiçək xanımdır. 38 ildir ki, həyatın keşməkeşli yollarında birgədirlər.

…Muxtar müəllim, əzizim, insan ən çox dəyər verdiyi biri haqqında nə isə yazanda çətinlik çəkir. Nə yaxşı varsınız. 60 yaş nədir hələ? Yol uzundur. Bu yol sizi yormasın!

Sara Əzimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: