Mən burdan baxıram…

354

Beşmərtəbəli binanın sonuncu mərtəbəsi. Mən illərlə burdan gözoxşayan, eyni zamanda qürurverici mənzərəyə şahidlik etdim. Zirvələrdə taxt qurub küləyə meydan oxuyan o 3 rəngə. Dalğalandıqca dalğalanan, səmada süzülən bayrağıma çox baxdım.  Bayraq meydanının yaxınlığında yerləşdiyindən bu mənzərəni fakültəmizdən  izləmək mümkün idi. Ara-sıra toplaşdığımız fakültənin zalı və sinif otağımızdakı bütün pəncərələr isə xüsusilə həmin görünüşə açılırdı. Hətta seminarlarda çalışırdım ki, gözüm bu görüntüyə sataşmasın. Çünki fikrimə hakim kəsildiyindən diqqətimi dərsə toplaya bilmirdim ki, bunun da nəticəsi bir tələbə üçün heç də yaxşı olmurdu.

Buna baxmayaraq, mən tədbirlərdə ən gözəl çıxışlarımı da məhz bu mənzərənin müşayiəti ilə etmişəm. Həmçinin musiqiçi olaraq Üzeyir  Hacıbəyovun  “Koroğlu” operasından uvertürasını,  “Cəngi”sini də burdan eşitmişəm.

Deyilənə görə, bəzi hisslər xüsusidir. Nə onu tam şəkildə ifadə edə biləcək sözlər tapıb danışa, nə də yazaraq cümlələrinə sığdıra bilərsən. Vətənə, torpağa, doğulduğun yerə duyulan sevgi də bu qəbildəndir.

Digərləri kimi mənə də ailədə aşılanmışdı bu sevgi. 5 yaşında ikən Vətən haqqında çoxlu şeirlər əzbərlədib, himnimizi oxumağı öyrətmişdilər mənə. Evdə yaşlı babam vardı. Xəbərləri bir dəqiqə belə gecikmədən izləyən, ölkədə baş verənlər barədə daima maraqlanan adamdı.  Bir gün televiziyada ölkə olaraq iştirak etdiyimiz  hansısa beynəlxalq yarış yayımlanırdı. Bir neçə dəqiqə sonra gurultulu alqışlarla zalda himnimizin sədaları altında Azərbaycan bayrağı dalğalandırıldı. Zaldakıların ayağa qalxdığını görüb qeyri-ixtiyari mən də ayağa qalxdım və oxumağa başladım, Əhməd Cavadın bir xalqın dilindən yazdığı misraları. Yaşımın az olmasına baxmayaraq, Vətənə sevgi, mənsub olduğun ölkənin dəyərlərinə hörmət bəsləməyin mühüm olduğunu bilirdim. Məktəbə getdikdən sonra isə təbii ki, bu barədə geniş izahatlar dinləyirdik.

Zamanla isə anladım ki, heç fərq etməz, istər 5 yaşında ol, istərsə də 55.  Sən demə bu sevgini biz elə doğulduğumuz andan hiss etmişik. Lap elə iliklərimizə qədər. Vətənpərvər ruhda yetişdirilən gənc nəsil keçmişdən onlara nələrin miras qaldığını yaxşı dərk edir. Hər qarışı qızıla bərabər torpaq, səmada göz oxşayan üçrəngli bayraq, hər notu ilə qəlbi ehtizaza gətirən himn, hər cizgisi bir atribut olan gerb. Hər biri öz torpağını sevən vətənpərvər azərbaycanlı üçün qürur mənbəyi, kimlik…

Bu gün- 9 noyabr Dövlət Bayrağı günüdür. Həmin gün 3 rəng qələbəni, məğrurluğu, simvolizə edirdi.  O gündən bu yana isə müqəddəsliyi, əyilməzliyi, ölümsüzlüyü…

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim.

Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin də şanlı bayrağımız haqqında dediyi kimi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Müstəqilliyin daimi, bayrağın əyilməz olsun, Vətən! İşğal altındakı torpağını göy, qırmızı, yaşıl birgəliyindən yaranan gözəlliyin bəzəməsi, bayrağının zəfər müjdəçisi olaraq elinin hər qarışını gəzməsi diləyilə

 

Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: