Amerikanın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” seriyasının üçüncü mərhələsində – “Saint Louis Rapid & Blitz”də son oyun günündən əvvəl azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və yerli şahmatçı Hikaru Nakamura liderliklərini davam etdirirlər. Şahmatçılar hərəyə 17 xal toplayıblar.
NUHÇIXAN xəbər verir ki, liderlər blits yarışması ərəfəsində birinci dövrədə 9 mümkün xaldan hərəyə 5 xal qazanıblar. Lakin bu, cədvəlin zirvəsində qalmaq üçün kifayət edib.
İtaliyalı Fabiano Karuana da özünün üçüncü yerini 15,5 xalla qoruyaraq saxlayıb. O, blitsdə 4,5 xal qazanıb. Qalib yerlər uğrunda mübarizəyə Fransa təmsilçisi Maksim Vaşye-Laqrav da qoşulub. Blitsdə parlaq nəticə göstərərək, 9 mümkün xaldan 7 xal toplayan M.Vaşye-Laqravı bürünc medaldan cəmi yarım xal ayırır.
Rusiyalı qrossmeyster Sergey Karyakin blits üzrə turnirə iki qələbə ilə başlayıb. Bir neçə heç-heçədən sonra isə o, ardıcıl olaraq 4 dəfə uduzub. Rusiyanın digər təmsilçisi Aleksandr Qrişşuk 5,5 xal toplayaraq cədvəlin sonuncu sırasından yuxarı qalxmağa nail olub.
Rapid və blits yarışmasının birinci dövrəsindən sonra iştirakçıların mövqeyi belədir: Şəhriyar Məmmədyarov, Hikaru Nakamura – hərəyə 17 xal, Fabiano Karuana – 15,5 xal, Maksim Vaşye-Laqrav – 15 xal, Levon Aronyan – 14 xal, Sergey Karyakin – 12,5 xal, Lenyer Dominqes – 12 xal, Aleksandr Qrişşuk – 11,5 xal, Uesli Co – 11 xal, Vişvanatan Anand – 9,5 xal toplayıblar.
Bu gün Sent-Luisdə blits üzrə turnirin ikinci dövrəsi oynanılacaq və yarışlara yekun vurulacaq.
Xatırladaq ki, sürətli şahmat və blits formatında aparılan “Grand Chess Tour 2018” turnirinin üçüncü mərhələsinin ümumi mükafat fondu 150 min dollar təşkil edir.