Şahbuz rayonunda bitkilərin toplanması və təbliği məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Dərman bitkiləri” müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqə iki mərhələdən – məktəbdaxili və rayon mərhələsindən ibarət olub. Məktəb daxilində keçirilən müsabiqənin birinci mərhələsi yekunlaşıb və məktəblilər müsabiqənin şərtlərinə əməl edərək topladıqları bitkiləri rayon Gənclər və İdman İdarəsinə təhvil veriblər. Rayon mərhələsində münsiflər heyətinin qərarı ilə seçilən dərman bitkiləri Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sərgilənib. Müsabiqədə mərkəzin dərnək üzvü Aytac Abbasova birinci yerə layiq görülüb. Badamlı qəsəbə tam orta məktəbinin şagirdi İsmayıl Paşayev ikinci, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Solmaz Qəhrəmanlı isə üçüncü olub. Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə mükafatlandırılıblar. Qeyd edək ki, toplanmış dərman bitkilərinin satış-sərgisi təşkil olunacaq.