Los-Ancelesdə Azərbaycan haqqında kitab nəşr edilib

82

NUHÇIXAN xəbər verir ki, Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqqında kitab nəşr etdirilib.

Nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya” (“Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony”) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN Xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.

Kitabın “Azərbaycan torpaqlarının qanunsuz işğalı” bölməsində Dağlıq Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasəti haqqında geniş məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir. Bundan başqa, vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ dövlət rəsmilərinin və Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabda öz əksini tapıb.

Sözügedən bölmədə Xocalı soyqırımı xüsusi olaraq vurğulanır. Bildirilir ki, soyqırımı nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər. Həmçinin Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 20-dən çox ştatı tərəfindən pislənildiyi bildirilir.

Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlara və ictimai xadimlərə göndərilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: