Livan kütləvi informasiya vasitələri Azərbaycan haqqında yazır

186

Livanın “Cedarnews” informasiya portalı baş redaktoru və təsisçisi Mişel əl-Zubeydinin müəllifi olduğu “Azərbaycan… Qafqazın gözəli qapılarını dünyaya açır” adlı məqalə yayıb. Həmin məqalə Livanın bir çox tanınmış KİV-lərində də dərc edilib. Belə ki, “Ajel tv”, “Naharnews”, “Lebanon4”, “Alseyasa”, “Elmarsad”, “Saidounnews”, “Thearabs”, “Morakeb”, “Lebanesenews” kimi nəşrlər və informasiya portalları bu maraqlı məqaləyə öz səhifələrində yer ayırıblar.

NUHÇIXAN xəbər verir ki, məqalədə ölkəmizin keçdiyi tarixi yola qısa nəzər salınıb. Azərbaycanın tolerantlıq məkanı olduğunu vurğulayan müəllif xalqımızın xoş münasibət, başqasına ehtiram prinsiplərinə hər zaman sadiq qaldığını qeyd edir. “Bu torpaq sanki Azıx mağarasında daş dövründən başlayaraq UNESCO-nun Dünya İrs Siyahısına salınmış XI-XII əsr abidəsi olan İçərişəhərdəki Qız qalası və müasir “Alov qüllələri”nin kölgəsi altında bu günədək birgəyaşayış vətəni olmaq üçün yaranıb”, – deyə müəllif qeyd edir.

Tanınmış livanlı jurnalist Azərbaycanın azadlıq və insan hüquqları ölkəsi olduğunu yazaraq bildirir ki, burada qadına seçib-seçilmək hüququ demək olar ki, hər yerdən əvvəl verilib. “Azərbaycan qadına kişi ilə bərabər hüquqlar vermiş ilk müsəlman ölkəsidir. Bu işdə o, hətta Böyük Britaniya, ABŞ kimi nəhəng dövlətləri belə qabaqlayıb”, – deyə yazıda bildirilir.

Məqalədə xalqımızın azadlıq mübarizəsinə də toxunulur. Qeyd edilir ki, mübariz xalqın vətəni heç vaxt ölmür. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1991-ci ildə Bakı səmasında yenidən dalğalanmağa başlayıb.

Ölkəmizdə son illərdə əldə edilən nailiyyətlər, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində respublikamızın rolu da müəllifin diqqətindən kənarda qalmayıb. Mişel əl-Zubeydi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə qazanılmış uğurlara toxunaraq yol infrastrukturunun, beynəlxalq aeroportların və Xəzər dənizində ən böyük limanın yeniləndiyini, energetika, təhsil, tibb və digər sahələrdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığını bildirir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Prezident İlham Əliyevin mövqeyini oxucuların nəzərinə çatdıran müəllif yazır ki, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını geri qaytaracaq.

Mişel əl-Zubeydi əmin-amanlığın hökm sürdüyü Azərbaycanın dünyada son illər ən yaxşı turizm məkanlarından, ərəb ölkələrinin vətəndaşlarının istirahət məqsədilə tez-tez üz tutduqları əsas istiqamətlərdən birinə çevrildiyini yazır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: