Kükünün al  alması

234

Dəniz səviyyəsindən 3120 m yüksəklikdə, Küküdağın ətəyində, eyni adlı çayın sahilində, Dərələyəz silsiləsinin cənub –qərb yamacında yerləşən, Şahbuz rayonun füsunkar və abad kəndlərindən olan Küküdə payızın öz gözəlliyi var. Dörd tərəfi dağlarla əhatə olunan kəndin gözəl təbiəti artıq payız libasına bürünüb. Dağ yamacındakı yabanı kol bitkiləri, meyvə ağacları, həyətyanı sahələrdəki  bağların bar bəhrəsi, səhərin erkən saatlarında  bu bağlarda ailəliklə  məhsul  yığımı ilə məşğul olan  insalar isə  bu gözəlliyə ayrı bir rəng qatır.

Rayon mərkəzindən 20  km aralıda yerləşməsinə baxmayaraq   kəndə  gələn yolu 15-20 dəqiqəyə qət edirsən. Buna səbəb  isə mənzil başınadək  ilan kimi qıvrılan yolların rahatlığıdır.

1632  nəfər əhalinin yaşadığı Kükü kəndinin  kifayət qədər geniş ərazisi var.  Kənddə son illər inşa edilən  bir-birindən yaraşıqlı tikililər bu dağ kəndinin hüsnünü  daha da gözəlləşdirib. Kəndin sosial-iqtisadi, mədəni inkişafı  yüksək səviyyədədir. Kəndin iqtisadiyyatının əsasını bağçılıq təşkil edir. Bu sahədə daha çox üstünlük isə alma  bağlarına verilir.  Hər kəsə də yaxşı məlumdur ki bu kəndi  hər yerdə tanıdan  məşhur Kükü almasıdır.  İlin bu mövsümündə yetişən  Kükünün al qırmızı almaları  bağların bəzəyidir.    Kənd sakinləri  alma bağlarından gələn gəlir hesabına  ailə büdcələrini, dolanışıqlarını xeyli yaxşılaşdırıblar.  Burada  meyvə  bağlarına maraq   uzun illər əvvəl olub,  1960-cı illərdə  kənddə geniş alma bağları salınıb . Zaman keçdikcə həmin  sahələr köhnəlib, ağacların məhsuldarlığı aşağı düşdüyünə görə kükülülər onları yeni bağlarla əvəz ediblər.  Yəni bu qədim təsərrüfat ənənəsini yeniləməklə bu günədək yaşadıblar.

Bu gün isə   kənddə  30 hektar alma bağı var. Səhərin gözü açılandan  kükülülər  alma  bağlarında məhsul yığımı ilə məşğul olurlar. Burada hansı küçədən, döngədən  keçsən hər addımda alma bağlarını görmək və  bu bağlardan  gələn, payız mehinə qarışan xoş ətri duymaq mümkündür.   Məşhur bir bayatıda da deyildiyi kimi

Bu yerdə hər bağ alma,

Dərə alma, dağ alma.

Kükülü bağbanlar  sentyabr ayından başlayaraq   bağlardan alma yığırlar. Hazırda alma bağlarında məhsul yığımı yekunlaşmaq üzrədir.  Bağlarda almanın  25  növü   yetişir. Yığılan məhsulun bir qismi soyuducu anbarlara verilir,  bir qismi xüsusi damlarda  saxlanılır, bir qismi isə  bazara çıxarılır.  Bu il kənddəki alma bağlarından 100 tona yaxın məhsul yığımı gözlənilir.  Son vaxtlar kənddə yeni bağlar da salınıb.  Bu da səbəbsiz deyil  çünki Kükü almasına bu gün tələbat çoxdur.   Dövlət kənd təsərrüfatına böyük diqqət ayırır, yetişdirilən  məhsul isə kəndlinin təkcə qida ehtiyacı deyil, həm də maddi gəlir yerinə çevrilir. Belə olanda isə təsərrüfat sahiblərinin bu sahəyə marağı artır.

Maraqlı fakt odur ki, Şahbuz rayonun əksər dağ kəndlərində- Biçənəkdə, Keçilidə, Külüsdə, Nursuda tarixən meyvə bağları olub. Burda digər meyvələr kimi geniş alma sahələri də salinib. Külüs Kəndindəki Hacı Müslümün bağı, Nursuda Məmməd Arazın atası İnfil kişinin saldığı alma bağları zamanında çox məşhur olub. Amma yenə də bir brend kimi Kükü almasının adı çəkilir. İş burasındadır ki,  Kükü alması digər almalardan dadına görə fərqlənir. Buranın havası və suyu , həm də dəniz səviyyəsindən çox yüksəkdə yerləşməsi almanın dadına təsir edir. Bir də yetişdirmə ənənəsi, almaya qulluq da fərqlidir.

Kükü sakinləri üçün almanın digər şirəli meyvələrdən üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri də müxtəlif olur. Kükülülər bu meyvədən  təbii halda istifadə etməklə yanaşı həm də mürəbbə, kompot, cem, sirkə, qax kimi nemətlər də hazırlayırlar. Hətta bəzi fərasətli evdar qadınlar xırda almaları turşuya da qoyurlar. Təbii  ki, almanın da ondan hazırlanan bu nemətlərin də insan orqanizminə faydası böyükdür. Bu “cənnət meyvəsi”nin  ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.  Bundan başqa Naxçıvan şəhərində alma sirkəsi istehsal edən  müəssisənin də  əsas xammal bazası Kükünün alma bağlarıdır. Kükü alması  çay, qonaqlıq, bayram süfrələrinin bəzəyi, toy-düyün xonçalarının yaraşığıdır.   Bu kənddə alma, dost tanışa , qohum əqrəbaya göndərilən ən yaxşı pay, bayram görüşlərində isə ən yaxşı sovqatdır.

Bir sözlə  bu torpaqlarda bitən nemətlərin sayı hesabı yoxdur,  dadlı, ətirli  meyvələr, gül-çiçəklər, min bir dərdin dərmanı olan otlar və daha nələr, nələr?   Yurdumuzda  Culfanın heyvası,  Şərurun şaftalısı,  Ordubadın limonu,  Sədərəyin üzümü  kimi Kükünün də alması məşhurdur.

Kükünün alma  bağlarında yetişən   Belflor alam bal kimi sirinliyi,  Qışqızılı turşa şirin dadı,  Tabaq alma  böyüklüyü , qıpqırmızı rəngi, Konfet alam dadı və gözəlliyi  ilə gözəldir.  Kükünün şah alması isə Belflor və Konfet almadır.  Hələ bu bağlarda yaşamaq haqqı qazanan adını çəkmədiyimiz daha neçə neçə alma növü var. Hər birinin də  könül açan adları , ruh oxşayan dadları var …

                                                                Türkanə Əmoyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: