Kosacanda quruculuq tədbirləri sürətlə aparılır

328

Muxtar respublika həyatının ayrılmaz tərkib hissəsinə çevrilən tikinti-quruculuq və abadlıq tədbirləri cari ildə də öz ahəngi ilə davam edir, şəhər və kənd yaşayış məntəqələri müasirliyə qovuşur. Son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. İnşa olunan kənd mərkəzləri, təhsil, mədəniyyət və səhiyyə ocaqları, xidmət evləri, çəkilən yollar kəndlərin simasını başdan-başa dəyişib.
Quruculuq tədbirlərindən Şərur rayonunun Kosacan kəndinə də pay düşüb. İndi kəndin sakinləri böyük sevinc içərisindədirlər. Təxminən üç ay bundan əvvəl burada kompleks quruculuq tədbirlərinə başlanmasını onlar kənd adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər. Bunlardan biri 234 şagird üçün nəzərdə tutulmuş ikimərtəbəli məktəb binasıdır. Tamamilə yenidən qurulması nəzərdə tutulan obyektdə hörgü əsasən başa çatmış, daxildə və fasad hissədə suvaq işləri görülür.
Kifayət qədər işçi qüvvəsinin və texnikanın cəmləşdirildiyi kənddə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsi məktəb binasının yaxınlığında kənd mərkəzi də inşa edir. Bina iki mərtəbədən ibarət olacaq. Burada ATS, poçt, tibb məntəqəsi, baytar və polis otaqları, kitabxana fəaliyyət göstərəcək, icra nümayəndəliyi, bələdiyyə, YAP-ın ərazi ilk təşkilatı, klub yerləşəcəkdir. Kənd mərkəzində də hörgü işləri əsasən yekunlaşıb, hazırda arakəsmələr hörülür.
Digər bir binadan isə kənd adamları xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu vasitəsi ilə sakinlərə xidmət göstəriləcək. Bu obyektdə də işlər sürətlə aparılır.
Lazım olan bütün tikinti materialları ilə vaxtında təmin edilən obyektlərin nəzərdə tutulmuş müddətdə təhvil verilməsi üçün inşaatçı və quraşdırıcılara hərtərəfli şərait yaradılıb. Bunun müqabilində inşaatçılar öhdələrinə götürdükləri işləri vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Qeyd edək ki, obyektlərdə işləyənlər arasında kənd sakinləri də çoxluq təşkil edir. Tikintilərdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: