Kosacan kənd avtomobil yolu yenidən qurulub

420

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır.

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edərək deyib: Kosacan kəndi bu gün müasir yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə şəhər rahatlığı yaradılmış, müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuşdur. Kəndin məhsuldar torpaqları, daimi suyu, zəhmetkeş insanları vardır. Kosacan kəndi öz təsərrüfat ənənələri ilə daim seçilib, muxtar respublikanın ərzaq təminatında xüsusi rolu olub. Bu gün də kənddə torpaqlar əkilir, heyvandarlıq, maldarlıq, arıçılıq və quşçuluq inkişaf etdirilir. Dövlətin yaratdığı şəraitdən səmərəli istifadə olunmalı, ailə təsərrüfatları genişləndirilməli, maldarlıq və heyvandarlıqda cins tərkibi yaxşılaşdırılmalı, əkinçilikdə məhsuldar toxum sortlarından istifadə olunmalı, aqrotexniki qaydalara əməl edilməli, məhsuldarlıq artırılmalıdır. Yaradılan şərait kəndin inkişafına və insanların rahat yaşayışına hesablanıb. Ona görə də tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Kənd ağsaqqalı Mehman Nəcəfov deyib: Bu gün Kosacan kəndində aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Çünki Sovetlər Birliyi 70 ildə belə şərait yarada bilməyib. Lakin bu gün daimi işığımız, qazımız, internetimiz, bir sözlə, rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Kosacan müasir inkişaf dövrünü yaşayır. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olunması ən böyük vətənpərvərlik nümunəsidir. Mehman Nəcəfov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirib.

Yolda görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, 5,7 kilometrlik yola asfalt örtük salınıb, 6500 metr kənddaxili yol təmir olunub. Yolun üzərində 76 su keçidi və 19 suötürücü qoyulub, 1524 metr beton kanal çəkilib. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib.

***

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri yeni sosial obyektlərin tikilməsi ilə məhdudlaşmır. Kəndlərdə mövcud infrastruktur da yenilənir, geniş abadlıq işləri görülür. Kosacan kəndində də 2219 metr yeraltı və 8718 metr hava rabitə xətti, 8156 metr izolyasiyalı hava elektrik xətti çəkilib, 2 transformator yarımstansiyası qurulub. Həmçinin kənddə 3011 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb, 1340 metr içməli su xətti yenilənib, mövcud subartezian quyusu əsaslı təmir olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: