Kastelyonalı hüquqşünas Kordova ərazisində naməlum qədim yaşayış məntəqəsi aşkar edib.
NUHÇIXAN xəbər verir ki, bu tapıntı “Google Maps”ın köməyi ilə təsadüfən baş verib. Belə ki, Xose Broç “Google Maps”da Qvadalkivir çayı boyunca ərazini öyrənməyə başlayıb. Xəritədə çayın nal şəklində əyildiyi yerdə insanın yaratdığı xətləri görən hüquqşünas əvvəlcə onun sahibsiz qala olduğunu zənn edib. Lakin bunun başqa obyekt olduğu aşkar edilib. X.Broç tapıntı barədə Kordova bələdiyyə idarəsinin arxeologiya şöbəsinə məlumat verib.
Söhbət indiyədək məlum olmayan, müasir Almodovar-del-Rio və Kordova bələdiyyələrinin sərhədində yerləşən 240×160 metr ölçüdə arxeoloji obyektdən gedir. Arxeologiya şöbəsindən bildiriblər ki, bu məkan bələdiyyənin sərhədindən bir neçə metrlikdə yerləşdiyi üçün qeydiyyat kitabına daxil edilməyib. Mütəxəssislər isə bildirirlər ki, kompleksin xarakteristikası və xronologiyasını öyrənmək lazım gələcək. Tapılan məkanın zeytun yağı istehsalı, yaxud Əl-Andalus dövrünə aid ferma olduğu, qədim Roma yaşayış məntəqəsinin qalıqları olduğu güman edilir.