Könülləri fəth edən məkanlar-kitabxanalar

180

Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin qorunmasında kitabxanalar böyük rol oynayır. Kitabxana işi cəmiyyətimizdə daim diqqət mərkəzində olub. Bu sahəyə hər zaman böyük qayğı ilə yanaşılıb. Dahi Nizami Gəncəvi də əsərlərinin birində kitabxanaları və kitabı belə qiymətləndirir.

           Oxudum, oxudum, sonra da vardım,
          Hər gizli xəzinədən bir dürr çıxardım.

Kitabxanaların yaradılmasında zəmanəsinin ağıllı hökmdar və ziyalılarının xüsusi rolu olub. Belə ki, orta əsrlərdə Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa Rəsədxanasında 1258-1261-ci illərdə fəaliyyət göstərmiş kitabxana Azərbaycanın məşhur elmi kitabxanalarından sayılırdı. Naxçıvanda isə ilk kitabxananın yaradıcısı maarifpərvər ziyalı Eynəlibəy Sultanov idi.  Naxçıvanda ikinci zəngin kitabxanalardan biri də Məşədi Qurbanəli Şərifovun kitabxanası hesab edilirdi. Onun kitabxanasına Bağçasarayda və Kazan şəhərində nəşr olunan kitablar gəlirdi. Bununla yanaşı, bu mədəniyyət müəssisəsi Hindistanda çıxan “Həbulmətin” qəzetini və İstanbuldan müxtəlif kitablar alırdı. Qurbanəli Şərifovun kitabxanasında rus və dünya klassiklərinin əsərləri də özünə yer almışdı. Bu kitabxanadan nəinki o zamanlar yaranmış “Müsəlman incəsənət və dram cəmiyyəti”nin üzvləri, eləcə də elmlə maraqlanan başqa ziyalılar da istifadə edirdilər.

1905-ci ildə Naxçıvanda “Müsəlman maarif incəsənət cəmiyyəti” tərəfindən rəsmi kitabxana açılır. Bu kitabxana Şahbazağanın evində daha dəqiq desək  Naxçıvan şəhərindəki “İstiqlal” küçəsində yerləşmişdi. Ancaq təəssüfki, kitabxana polis idarəsi tərəfindən ayrı-ayrı bəhanələr gətirilərək uzun müddət bağlı qalırdı. Səbəbi isə həmin kitabxanada “Molla Nəsrəddin” jurnalının olması idi. Çünki bu jurnal milli dirçəlişin güclənməsində, ideologiyanın formalaşmasında əhəmiyyətli rol oynayırdı.

1915-1916-cı illərdə ayrı-ayrı ziyalılar tərəfindən şəxsi kitabxanaların yaradılması daha da artır. Bu illərdə Şahbazağa Kəngərlinin, Şahbaz Kələntərovun, Rza Təhmasibin, Həsən Səfərlinin kitabxanalarını misal göstərmək olar. Arxiv mənbələrin qeyd etdiyinə görə 1917-ci ildə Naxçıvan şəhərində üç kitabxana fəaliyyət göstərirdi. Bunlardan biri “Hümmətçi”lərin, ikincisi “Çinovniklər klubu”nun, üçüncüsü isə “Müsəlman milli komitəsi”nin kitabxanası idi.

Naxçıvan Muxtar Respublikasında ən böyük kitabxana Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasıdır. Bu kitabxananın əsası 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən qoyulub. 1930-cu ilə kimi Şəhər Kitabxanası adlandırılıb, həmin ildən isə Naxçıvan Muxtar Respublika Kitabxanası kimi fəaliyyətini davam etdirib. Kitabxana 1953-cü ildən Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınan yazıçı M.S.Ordubadinin adını daşıyır. Kitabxanalarda yaradılan şərait oxucular üçün rahatlığın təmin olunması, elmi biliklərimizin və dünyagörüşümüzün daha da artmasına köməklik göstərən həmin ünvanlara gələnlərin sayı da artır.

Məşhur hind kitabxanaçısı Rapqanatan deyirdi….

“Bir orqanizm kimi kitabxana daim inkişafda olmalı, kitabxana fondu aramsız olaraq yeni kitablarla zənginləşdirilməlidir. Kiçik su hövzələri, göllər ona tökülən çaylardan məhrum olduqda quruduğu kimi, hər hansı bir kitabxana da yeni kitablardan məhrum olarsa, öz elmi və mədəni əhəmiyyətini itirər”.

Bu gün muxtar respublikada kitabxana işinə qayğının nəticəsidir ki, kitabxana fondları yenilənir. Bu mənada ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” sərəncamı böyük rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitabların siyahısı” Naxçıvanda ardıcıl olaraq aparılan təhsil islahatlarının məntiqi davamıdır.

Sevindirici haldır ki, bu gün muxtar respublikamızın bütün bölgələrində mütaliə mərkəzləri sayılan belə mədəniyyət müəssisələrinin sayı gündən-günə artmaqdadır. Şəhər mərkəzlərindən tutmuş ucqar dağ kəndlərinə qədər bütün yerlərdə müasir kitabxanalar fəaliyyət göstərir.

Bir çanta kitab, bir geqabaytlıq flaşkart

Ölkəmizdə, eləcə də muxtar respublikada müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər, bütün sahələrə göstərilən dövlət qayğısı kitabxana xidməti səviyyəsinin daha da yüksəlməsinə səbəb olub. Naxçıvanda müasir dövrün tələblərinə uyğun elektron kitabxanalarda fəaliyyət göstərir. İndi bir çanta dolu kitabı müəyyən daşıyıcı qurğularda saxlamaqda olar. Gənc nəslin daha çox üz tutduğu elektron kitabxanalar informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətinin təmin edilməsində, oxucuların informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır. Artıq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvanşünaslıq mərkəzinin, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının, AMEA Naxçıvan Bölməsinin  elektron kitabxanasının, Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxanasının elektron xidmətləri oxucuların istifadəsinə verilib.

Kitab ənənəvi informasiya vasitəsi olaraq, bütün zamanlarda öz aktuallığını qoruyub saxlayıb. Nə baş verən informasiya inqilabları, nə yeni texnologiyalar, bəşəriyyətin ən böyük kəşflərindən biri olan kitabların əhəmiyyətini azaltmayıb. Kitablar və kitabxanalar bizim milli sərvətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

 

MƏTİN ABBASLI

Naxçıvan televiziyasının əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: