Kollektivlər Naxçıvan şəhərindəki muzeylərdə olublar
Ötən şənbə günü Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra idarə və təşkilatların kollektivləri muzeylərdə olublar.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi Dövlət Xalça Muzeyində olub. Burada onlara Naxçıvan xalçaçılıq məktəbi və muzeydə saxlanan ekspozisiya ilə bağlı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları isə Gülüstan türbəsi və “Əlincəqala” Muzeyi və tarixi abidəsini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları isə həmin gün Xan Sarayı ilə tanış olublar.
Dövlət Bayrağı Muzeyində olan Muxtar Respublika Prokurorluğunun kollektivinə muzeyin ekspozisiyasında saxlanılan, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlər, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri haqda məlumat verilib.
Heydər Əliyev Muzeyini ziyarət edən Ədliyyə Nazirliyinin əməkdaşlarına dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.
Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə Qarabağlar Türbə Kompleksini gəziblər.
Naxçıvan Duz Muzeyini ziyarət edən Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin Regional Bölməsinin əməkdaşları muzeydə sənətkarların keramika, oyma və yandırma üsulları ilə ərsəyə gətirdiyi əl işlərinə baxıblar.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksinə, Maliyyə Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev muzeyinə, İqtisadiyyat Nazirliyinin əməkdaşları isə Xatirə muzeyinə baxıblar.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kolektivi Hüseyn Cavidin ev muzeyini, Ombudsman aparatının kollektivi Rəsm Qalareyasını, Dövlət Gömrük Komitəsinin əməkdaşları isə Nəbatat Bağını ziyarət ediblər.
Mədinə Rəhimli