Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Lüksemburq millisinə qalib gəlib

153

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 5-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

NUHÇIXAN xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda qərarlaşan millimiz Azərbaycan Voleybol Mərkəzində Lüksemburq yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (8 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.

Kişi voleybolçular arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparır. Seçmə mərhələnin yekununda 12 komanda – 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda “Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: