Kinomuzun 120 illiyi Naxçıvanda qeyd edilib

283

NUHÇIXAN xəbər verir ki, 2 avqust-Milli Kino Günü ilə bağlı Gənclik mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Azərbaycan kinosu gününə həsr olunan sərgi ilə tanış olublar.

Bildirilib ki, Azərbaycan kinosu 1898-ci ildə yaranıb. Bu il kinomuzun 120 illiyi tamam olur. Bu illər ərzində ölkəmizdə  yüzlərlə film istehsal olunub. Dünyanın bir çox ölkələri kimi Azərbaycan kinosu da öz maraqlı filmləri ilə tamaşaçıların rəğbətini qazanıb. Milli kino sənətimizin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarların da dəyərli xidmətləri olub. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri muxtar respublika ərazisində aparılıb.

Vurğulanıb ki, bu gün ölkəmizdə və muxtar respublikada  kino sənətinə maraq çoxdur. Vətəndaşların kinoteatrlarda geniş ekranda filmləri izləməsi  üçün hər cür şərait yaradılıb. Naxçıvan şəhərində “Gənclik” Mərkəzi fəaliyyətə başlayıb, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad və Babək rayon mədəniyyət evləri yenidən qurulub, ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunub. Muxtar respublikamızda kinonun təbliği üçün Film Fondu fəaliyyət göstərir.

Sonda 1956-cı ildə çəkilmiş “O olmasın, bu olsun” filmi nümayiş etdirilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: