“Khazar” avtomobilləri satışa çıxarılır - YENİLƏNİB
Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərin təqdimatı keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, bu ilin mart ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı olmuş “Khazar” Avtomobil Zavodu regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafında əhəmiyyətlidir. Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.
Qeyd edilib ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Bir müddət sonra isə paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulur.
“Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, “Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. Bu isə analoji avtomobillərin satış qiymətindən azı 20 faiz ucuzdur. “Khazar” avtomobillərini nağd, köçürmə və 20 faiz ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.
Tədbirdə o da diqqətə çatdırılıb ki, artıq İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları “Khazar” avtomobillərinin alınması məqsədilə “Azərmaş” ASC-yə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.