Keyfiyyətli saf su mənbəyi-Şahbuz kəhrizləri

318

Kəhrizlər  saf su mənbəyi kimi minilliklər boyu insanların məişət və təsərrüfat həyatında ən çox istifadə etdikləri mənbə olub. Uzun illər kəhriz sularından əl dəyirmanlarının işlədilməsində, əkinlərin suvarılmasında istifadə edilib. Çox qədim tarixi abidə kimi heyrət doğuran bu kəhrizlərin mahir ustalar tərəfindən inşa edildiyi açıq-aşkar görünür. Elmin, sənətin inkişaf etmədiyi bir dövrdə xalq sənətkarlarının necə böyük ustalıqla belə sənət abidələrini yaratması onu göstərir ki, xalqımız zəngin tarixi keçmişə malik olmuşdur. Xalq sənətkarları tərəfindən yaradılan yüzlərlə, minlərlə belə tarixi abidələr zəngin mənəvi sərvətlərimiz, milli dəyərlərimiz kimi qorunur.

 Rayonumuzun da  müxtəlif yerlərində orta əsrlərə aid olan kəhriz bulaqların qalıqları aşkar olunub. Bu, onu göstərir ki, rayonumuzdakı  yaşayış məskənlərinin tarixi lap qədimlərə gedib çıxır. Bu gün də rayonumuzun Türkeş, Şahbuzkənd və Badamlı kəndlərində əhalinin istifadəsində olan kəhrizlər var. Onlar da başqa kəhrizlər kimi qorunur və istifadə olunur.

Sovet dövrlərində baxımsızlıq ucbatından dağılan həmin kəhrizlər müstəqillik illərindən sonra müxtəlif vaxtlarda təmir və bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılıb. Belə ki, bir neçə il bundan əvvəl dövlət qayğısı sayəsində  kəndlərimizdəki kəhrizlərdə təmir-bərpa işləri aparıldı. Onlardan biri də Şahbuzkənd kəhrizidir.

Şahbuzkənddə bu gün əhalinin istifadəsində olan bu kəhriz Naxçıvan xanı Cəfərqulu xan tərəfindən tikdirilib. Deyilənlərə görə, Cəfərqulu xan yay fəslində istirahətə gəldiyi bu kənddə su qıtlığını görüb və kəhriz tikilməsi təşəbbüsü qaldırıb.  Bu məqsədlə o vaxt Almaniyadan gətirilən mütəxəssisin məsləhəti və yerli sənətkarların iştirakı ilə həmin kəhrizi tikdirib. Bu kəhrizin suyu yüksək keyfiyyətli və müalicəvi xassəyə malik olması ilə başqa kəhrizlərin suyundan fərqlənir.  Kənd sakini Sabir Rüstəmovun dediyinə görə, bu kəhriz və onun qollarından axan dumduru, buz kimi dağ suyu süfrələrimizin bəzəyidir. Əhali bu sudan həm içmək üçün , həm də həyətyanı bağ-bağatının, əkin sahələrinin suvarılması üçün istifadə edir. Əsasən yaz və yay aylarında kəhrizlərin suyu bir neçə dəfə artır. Kəhriz iki qoldan ibarət olduğuna görə kənd ərazisinin bir hissəsinin su ilə təmin olunmasına imkan verir. Dörd quyudan ibarət kəhrizin 100 metrə yaxın uzunluğu var.

Bildiyiniz kimi, kəhrizlər tikilərkən qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı hidrotexniki qurğular olan quyulardan istifadə olunur. Həmin quyular arasında maili lağım şəbəkəsi vasitəsilə əlaqə yaradılır. Yeraltı suları üzə çıxarmaq üçün kəhrizdə əvvəlcə baş quyu, sonra isə qalan quyular qazılır. Qazılmış lağım isə daş və ya bişmiş kərpiclə tağbənd formasında hörülür.

Türkeş kəndində də uzunluğu 300 metr olan aşağı və yuxarı kəhrizlərin biri 11, biri isə 16 quyudan ibarətdir. Hər quyunun dərinliyi isə 15-16 metrdir. Kəhrizlərin ən hündür yeri 80 sm, ən alçaq yeri 60 sm-dən ibarət olduğuna görə burada işləmək və quyuları təmizləmək çox böyük zəhmət və cəsarət tələb edir.  Quyular  dərin olduğuna görə onların təmizlənməsi həddindən artıq çətin bir prosesdir. Qeyd etmək lazımdır ki, bu quyuların təmizlənməsi üçün xüsusi dolçalar olur ki, həmin dolçaların özü və qulpu göndən hazırlanır. 50 metrə qədər dərinlikdə olan su mənbələrinin təmizlənməsi və daş-çınqılın çölə çıxarılması üçün  bu dəri dolçalardan istifadə edilir.

Türkeş kəndindəki  kəhrizin tarixilə maraqlanarkən kəndin yaşlı sakinləri bildirdilər ki,  bu kəndin qədim tarixi var. Lakin kəhrizlərin tarixi haqqında doğru-dürüst bir məlumat eşitmədiklərini qeyd etdilər. Bunun özü də göstərir ki, Türkeş kəndindəki kəhrizlərin tarixi elə yaşayış məskəni kimi bu kəndin salınması tarixi ilə eynidir. Çünki belə ehtimal olunur ki, kəndin salınması üçün ulu babalarımız əvvəlcə su çəkilişini təmin edib,  sonra burda məskunlaşıblar. Ona görə də düşünmək olar ki, burada əhalinin məskunlaşması üçün bir qədər aralı yerlərdən kənd salınacaq əraziyə bu kəhrizlər vasitəsilə saf su gətirilib.

Badamlı kəhrizi barədə isə deyə bilərik ki, bu kəhriz kənddən 550 metr aralı məsafədən çəkilib. Hər 10-15 metrdən bir vurulmuş 28 quyudan ibarət olan kəhrizin iki qolu vardır. Bu kəhriz və onun qollarından axan dumduru, buz kimi dağ suyu süfrələrimizin bəzəyidir. Kəhrizin tikilmə tarixi haqqında dəqiq məlumat əldə edə bilmədiyimizə görə onun hansı usta tərəfindən inşa olunması da bir sirr kimi qalır. Böyük sənətkarlıqla, qeyri-adi dəqiqliklə  sal daşlar vasitəsilə tikilən kəhrizin bir qətrə suyu belə itkiyə getmir. Yer altında açılmış lağım vasitəsilə tikilən kəhrizin suyu elə mənbəyindən necə çıxırsa, eləcə də bulaqlarımızdan axır.

Daşların “süzgəc”indən süzülüb tökülən bal kimi şirin sularımız dağlardan, dərələrdən çəkilən kəhrizlər vasitəsilə yaşayış ünvanlarına gətirilibsə, deməli, xalqımızın milli arxitektura ənənələrinin olması da tarixin bu daş yaddaşında öz əksini tapıb. Bu mənada həm tarixi abidə, həm milli dəyər, həm də  keyfiyyətli su mənbəyi olduğuna görə kəhrizlərimiz bu gün də, sabah da əhali tərəfindən qorunmalıdır ki, onlar məhv olmasın.

Sevindirici haldır ki, dövlətimiz bu kəhrizlərin bərpasına böyük diqqət və qayğı göstərir. Kənd əhalisi isə  təmiz və keyfiyyətli su mənbəyi kimi uzun illərdən bəri istifadə etdiyi kəhrizlərdən axan suyun hər damlasının qədrini bilirlər.

 

Hicran

“Oğuz səsi” qəzeti

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: