Kestutis Yankauskas: “Avropa İttifaqı Naxçıvanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
Bu gün Azərbaycanın bütün dünyaya yayımlanan CBC kanalının “Günün iqtisadiyyatı” verilişində ölkənin, o cümlədən Naxçıvanın ixrac və enerji potensalı ilə bağlı məsələlər müzakirə olunub.
NUHÇIXAN xəbər verir ki, verilişin qonağı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi münasibətlər, həyata keçirilən birgə beynəlxalq layihələr, energetika sahəsi və biznes əlaqələrindən geniş söhbət açıb. Verilişdə qonaq həmçinin, ötən ay Naxçıvana etdiyi səfərdən və qədim diyarda “Avropa Günləri”nin yüksək səviyyədə təşkilindən də danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası alternativ və bərpa olunan enerji istehsalı sahəsində dünyada qabaqcıl mövqedə dayanır.
Kestutis Yankauskas deyib: “Naxçıvanda keçirilən biznes forumda burada istehsal edilən yerli məhsullar bizə təqdim edildi. Biz şahidi olduq ki, Naxçıvanda istehsal əsasən yerli xammala əsaslanır və çeşid müxtəlifliyi çoxdur. Biz Avropa ölkələrinin Azərbaycandakı səfirləri ilə birgə qatıldığımız tədbirlərdə, keçirdiyimiz yüksək səviyyəli görüşlərdə o qənaətə gəldik ki, ixrac imkanları artırılmaqla muxtar respublikanın iqtisadiyyatını daha da gücləndirmək mümkündür. Bu ixrac indi Türkiyəyə və oradan Avropa ölkələrinə qədər gedir. Mən fikirləşirəm ki, Naxçıvanın yerli istehsal və ixrac imkanları yetərincə yüksəkdir. Xüsusilə, kənd təsərrüfatı, mineral sular, dekorativ daş və duz məhsulları sahəsində. Amma təkcə bu deyil, digər sahələrdə də potensial var. Naxçıvanda müasir kənd təsərrüfatı məhsulları laboratoriyası var. Burada məhsullara beynəlxalq sertifikat verilir. Bu məhsullar Avropada müxtəlif sərgilərə çıxarılır. Biz Muxtar Respublikanın İqtisadiyyat nazirliyi ilə ixrac sahəsində məsləhətləşmələr aparırıq. Mən fikirləşirəm ki, bundan sonra da bu istiqamətdə görüşlər olacaq və qarşılıqlı faydalar verən əməkdaşlıq sahələri genişlənəcək”.