“Kastamonu 2018-türk dünyasının mədəniyyət paytaxtı”nın bağlanış mərasimi olub

134

Türkiyənin Kastamonu şəhərində “Kastamonu 2018-türk dünyasının mədəniyyət paytaxtı”nın bağlanışı münasibətilə təntənəli mərasim keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə “Kastamonu 2018-türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində görülən işləri əks etdirən film nümayiş olunub.

Rəsmi hissədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Kastamonu valisi Yaşar Qaradəniz və Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaşın çıxışları dinlənilib.

Çıxışlarda TÜRKSOY-un 2018-ci ildəki fəaliyyəti, “Kastamonu 2018-türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində görülən işlər, o cümlədən Kastamonu bölgəsinin Türkiyənin dövlətçilik tarixində və mədəni irsinin yaranmasında, formalaşmasında və inkişafında roluna dair geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, dekabrın 18-də Kastamonuda keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının qərarı ilə Qırğız Respublikasının Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib, eləcə də 2019-cu il anadan olmasının 650-cı ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunub.

“Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzini bildirən simvol Qırğızıstan tərəfinə təhvil verilib. Xoş sözlər və səmimi təbriklərlə Oş şəhərinə uğurlar ifadə olunub.

Sonra mərasim zəngin bədii proqramla davam edib.

Azərbaycanı bədii proqramda təmsil edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının “Nağara” və “Qaytağı” rəqslərinin ifası hərarətli alqışlarla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: