Kəngərlilər Xan sarayına yeni eksponatlar bağışlayıblar
NUHÇIXAN xəbər verir ki, hazırda Rusiyada yaşayan Kəngərlilər nəslindən olan həmvətənlərimiz “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə yeni eksponatlar təqdim ediblər.
Bu münasibətlə keçirilən tədbirdə qonaqlara bildirilib ki, Naxçıvan xanlığının tarixinin araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm məsələlərdəndir. Bu xanlığının görkəmli şəxsiyyətləri, hərb xadimləri haqqında bu günə qədər çoxlu kitablar nəşr etdirilib. Bundan başqa rus tədqiqatçılarının bu haqda yazdıqları kitablar Azərbaycan dilinə tərcümə olunub. Yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı çap olunub, 2 hissəli “Naxçıvan xanlığı” sənədli filmi çəkilib.
Kəngərli nəslinin Rusiyada yaşayan nümayəndələri muzeyə misdən olan boşqab, məişət əşyaları, arxiv sənədləri, foto-plyonka və digər materiallar bağışlayıblar. Vurğulanıb ki, muzeyə bağışlanan materiallar Naxçıvan tarixinin xanlıqla bağlı bəzi qaranlıq səhifələrinin araşdırılması üçün böyük töhfə olacaq. Qonaqlara bu təşəbbüslərinə görə minnətdarlıq edilib.
Əkbər xan Naxçıvanskinin (1873-1961-Naxçıvan) nəticəsi Fərman Nağdəliyev, kötükcələri Fərhad Nağdəliyev və Yasna Nağdəliyeva bildiriblər ki, onlarda olan dəyərli tarixi arxiv materiallarını və öz ailələrinə mənsub qədim əşyaları Xan Sarayına təqdim etdiklərinə görə böyük məmnunluq hissi keçirirlər.
Sonda tədbir iştirakçıları Xan sarayında olan eksponatlara baxıblar. Qonaqlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib.
Gülməmməd Əliyev