Kəngərli rayonunda yaşıllaşdırma tədbirləri həyata keçirilib. NUHÇIXAN xəbər verir ki, rayon ərazisindən keçən magistral yolun kənarlarına yeni həmişəyaşıl ağaclar əkilib. Budəfəki yaşıllaşdırma tədbirini Kəngərli Rayon İcra hakimiyyəti və Şahtaxtı Gömrük İdarəsi birgə təşkil ediblər. Belə ki, Naxçıvan-Sədərək magistral yolunun Xok kəndi ərazisindən keçən hissəsində və Şahtaxtı Gömrük-Sərhəd keçid məntəqəsinə gedən yolun kənarlarında 260 ədəd həmişəyaşıl ağac əkilib. Yay aylarında əkilən ağacların yaxşı bitməsi üçün tinglərə xüsusi aqrotexniki qulluq göstərilib. Bundan sonra sahələrdə becərmə və qulluq işləri mövsümə uyğun olaraq həyata keçiriləcək.
Sadiq Məmmədov