Kəngərlidə ötən ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

368

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə rayоn icra hakimiyyətinin başçısı Kamal Ələkbərovun məruzəsi dinlənilib.

Dövlət proqramlarının rayonda uğurlu icrasından danışan Kamal Ələkbərov qeyd edib ki, hesabat dövründə rayon mərkəzində və kəndlərdə abadlıq, tikinti və quruculuq işləri aparılıb, Qarabağlar Türbə Kompleksi, Böyükdüz kəndində Qapalı Suvarma Şəbəkəsi və Qıvraq qəsəbəsində mərkəzi stadion yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda isə Qıvraq qəsəbəsində 48 mənzilli, 7 mərtəbəli  yaşayış binasının, istirahət parkının, eləcə də hərbiçilər üçün nəzərdə tutulan 44 mənzilli, 5 mərtəbəli yaşayış binası və Yurdçu kəndi ərazisində 50 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsinin tikintisi istiqamətində işlər davam etdirilir.

Kamal Ələkbərov bildirib ki,  əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də rayonda aqrar sahə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə ki, rayonda 37 milyon 793 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. İcra başçısı 2018-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində meşəsalma və bərpa işlərini də önə çəkib.

Bütün bunlarla yanaşı ötən il digər sahələrdə görülən işlərdən də danışan Kamal Ələkbərov hesabat dövründə təşkilatların fəaliyyətində bir sıra nöqsanların olduğunu da diqqətə çatdırıb. Bildirib ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr vətəndaşların yerlərdə qəbulu, şikayətlərinə baxılması və digər tapşırıqların yerinə yetirilməsi zamanı nöqsanlara yol verirlər. İcra başçısı 2019-cu ildə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində  aidiyyatı üzrə müvafiq tapşırıqlar verib.

Daha sonra məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər ötən ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Sonda 2019-cu ilin Tədbirlər Planı təsdiq olunub.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: