Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 80-dən çox eksponat təqdim edilib

140

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən bədii tikmə, toxuculuq məmulatı, mis qablar, saxsı küplər və digər nümunələrdən ibarət 80-dən çox eksponat təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, eksponatlar muzeyə Kəngərli rayon Qıvraq qəsəbə sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Tofiq Rüstəmov, Qarabağlar kənd sakinləri Samirə Məmmədova, Gülçin Ağayeva və Aysel Şəfiyeva tərəfindən hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tariximizin və mədəniyyətimizin mühafizə olunduğu muzeylərə son illərdə göstərilən dövlət qayğısından danışıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Bu ilin 10 ayı ərzində muxtar respublika muzeylərinə 1243 yeni eksponat daxil olub, 7 eksponatın təqdimatı keçirilib.

“Bu gün Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən növbəti eksponat təqdimatı göstərir ki, muxtar respublikada belə tədbirlər ənənə halını alıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, əhali arasında bu istiqamətdə maarifləndirici və təbliğat xarakterli tədbirlər gələcəkdə də davam etdiriləcək.

Eksponatları muzeyə hədiyyə edən sakinlər çıxışlarında bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: