Kəndli ailəsinin payız qayğıları

137

Kəndlərimiz hər fəsildə gözəldir. Payız fəsli də gözəlliyini özündə əks etdirən “xəzəl yağışı” ilə bu yerlərə bəzək-düzək vurub, rəng qatıb. Həm həyatımıza, həm də təbiətimizə dəyişiklik, yenilik gətirib. Buna görə də Tanrının təbiətə ərməğanı olan bütün rəng çalarlarını bu fəsildə görmək mümkündür. Ancaq payız fəsli gəlişi ilə bu yerlərə təkcə çiskinli hava, yağış, soyuq küləklər gətirməyib, həm də qayğılar gətirib. Bəlkə bu səbəbdəndir ki, payızı qayğıların çoxaldığı, zəhmətin daha çox duyulduğu fəsil və təbiətin yenilənməsi dövrü adlandırıb babalarımız. Payız həm də bolluq fəslidir. Əksər meyvələr payızda yetişir, qida məhsulları bu fəsildə ərsəyə gəlir. Bir tərəfdən də payızı qışın “xəbərçisi” adlandırıblar. Bu baxımdan payız fəsli yurdumuza qədəm qoyanda insanlar qışa hazırlıq işlərinə başlayarlar.

İndi Şahbuz rayonunun hansı kəndinə üz tutsaq,  payız qayğılarının “öhdəsindən” gəlməyə çalışan yüzlərlə zəhmət adamı görə bilərik. Elə bu fəsildə rayonun Qızıl Qışlaq kəndində yaşayan Behbudovlar ailəsində qonaq olduq. Onların payız-qış hazırlıqları ilə yaxından tanış olub, maraqlı söhbətlərini eşitdik. 6 nəfərdən ibarət ailə üzvləri bu kənddə dövlətin diqqət və qayğısından, yaradılan şəraitdən istifadə edərək böyük bir ailə təsərrüfatı yaradıblar. Burada  əkinçilik, bağçılıq, heyvandarlıq, arıçılıq kimi sahələr inkişaf etdirilib. Bu isə o deməkdir ki, bazarlarımızda müxtəlif çeşidli məhsulların istehsalına Behbudovlar  ailəsi də öz töhfəsini verməyi bacarıb.

Bu ailənin kiçikdən-böyüyə hər bir üzvü görülən işlərdə yaxından iştirak edir. Buna görə də güc birlikdə olanda, o yerdə dirilik olur. Hər bir ailə üzvü işinin nədən ibarət olduğunu yaxşı bilir. Necə deyərlər, sanki görüləcək işləri bölüşdürüblər. Bulud Behbudov ailə başçısıdır. Deyir ki, üç puta yaxın həyətyanı sahəmiz, iki hektara yaxın isə pay torpağımız var. Mənim əsas işim bağ sahəmizə qulluq etməkdir. Uzun illərdir ki, bağıma qulluq etməyi də, yaxşı məhsul toplamağı da bacarmışam.

Meyvə bağlarından bol məhsul almaq üçün əsas məhsul verən və tozlayıcı sortların yerləşdirilməsinə ciddi fikir vermək lazımdır. Əkilmiş tinglər qulluq istəyir, xüsusilə də onları vaxtında suvarmaq lazımdır.

Oğlum və nəvələrimlə birlikdə bağımdakı seyrəkliyi aradan qaldırmaq üçün yeni tinglər əkirəm. Bu işi ona görə onlarla birlikdə görürəm ki, ting əkininin bütün qaydalarını öyrənsinlər, məndən sonra bu işi görərkən çətinliklə qarşılaşmasınlar.

Bulud Behbudovun bu işlərdə ən yaxın köməkçisi ömür-gün yoldaşı Sura Behbudova və gəlini Elnarə Behbudovadır. Onlarla  birlikdə əkin sahəsinə qulluq edir. Sura Behbudova deyir ki, həyətyanı sahəmizdə və pay torpağımızda əkilməmiş yer saxlamarıq. Bir traktorumuz var. Pay torpağımızda yoldaşım traktorla əkin sahəsini şumlayar. Oğlum və nəvələrim isə həyətyanı sahəmizdə yeri belləyər, arxları çəkər, mən də gəlinimlə birgə toxum səpərəm, şitil əkərəm. Kartof, lobya, xiyar, yerkökü, turp, kələm, bibər, göyərti məhsulları əkirik və onlara hər gün qulluq edirik. Alaq otlarını vururuq, diblərini boşaldırıq, suvarırıq. Əkin sahəsi elədir ki, qulluğu bir gün belə olsa, dayandırsan, sanki səndən “küsür”. Ona görə də torpaqla daim ülfətdə oluruq. Yığdığımız məhsulları oğlum bazarlara aparır, elə vaxt olur ki, elə alıcı özü qapını döyür.

Həmin məhsullarla biz həm də qışa hazırlıq etmişik. Turşular qoymuşuq, meyvə ağaclarının məhsulundan çoxlu mürəbbələr hazırlayıb, kompotlar bağlamışıq. Qış üçün həm də yarma çəkib, əriştə kəsmişik. Eyni zamanda qış yeməklərini dada gətirən qovurma hazırlığını da unutmamışıq. Pendir, qatıq, süd, xama, kərə yağı, şor kimi məhsulları da gəlinimlə birlikdə hazırlayarıq. Pendiri əsasən bu aylarda vurub, küpələrə yığıb torpağa basdırırıq. Yaya kimi torpaq onu yaxşı saxlayır. Yaz-yay aylarında satıb, yaxşı gəlir əldə edirik.

Bu ailə təsərrüfatı heyvandarlığı, arıçılığı, quşçuluğu da inkişaf etdirib. 10 baş iri buynuzlu, 65 baş xırdabuynuzlu, 15 arı ailəsi və 30-a yaxın quş saxlayırlar. Onlara dövlət tərəfindən dərman preparatları verilir, baytarlıq məntəqəsinin işçiləri vaxtlı-vaxtında peyvəndləmə tədbirlərini aparırlar. Təmənnasız yerinə yetirilən bu işin özü kənd adamlarına böyük bir yardım deməkdir.

Behbudovlar ailəsi dövlət qayğısına görə minnətdarlıqlarını da bildirdilər. Biz də səmimi söhbətləri üçün ailə üzvlərinə təşəkkür edib, bundan sonra da gördükləri işdə onlara uğurlar arzuladıq.

Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: