Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur.
Loqopedik ədəbiyyatda kəkələmə belə təsvir olunur: “Nitqin ahəngdar ritminin pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqədardır”. Əksər hallarda kəkələmə loqofobiya-danışmaqdan qorxu xofu ilə bağlı olur.
NUHÇIXAN xəbər verir ki, 1988-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir. Bu tarixin təsis edilməsi 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasına məxsusdur. Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.
Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.
Cəmiyyətin kəkələyən adamlara yanlış münasibəti ümumilikdə insan həyatına və onun emosional vəziyyətinə ciddi təsir göstərir, bu da çox vaxt stresə və özünəqapanmaya səbəb olur. Kəkələyən uşaqlar əksər hallar rişxənd hədəfinə çevrilir.
Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə ilk növbədə uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.
Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onların arasında – kino rejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var. Kəkələmədən antik dövrün məşhur natiqlərindən biri Demosfen, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, məşhur kino aktrisası, müğənni və model Merilin Monro və ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alim İsaak Nyuton kimi məşhurlar da əziyyət çəkib.