Jurnalistin qeydləri

Sözdən söz birləşməsinə

192

Şəhərimizdə tez-tez qarşısından keçdiyim Uşaq Bərpa Mərkəzinin binası  hər dəfə mənə  məktəbli çağlarımla bağlı xatirələri xatırladır. Bu xatirələrin mövzusu əlil sözü ilə bağlıdır. Yadımdadır, o vaxtlar əlillər günü ilə və yaxud bu kateqoriyadan olan uşaqların iştirak etdiyi  hər hansı bir məktəb tədbirində onların adlarının əlil kimi vurğulanması məni çox məyus edər, böyük  sıxıntı keçirərdim. Aparıcıların əlillər günü münasibətilə keçirilən tədbirlərdə məktəbimizin əlil uşaqları iştirak edir cümləsini,  yaxud  tədbirdə şeir söyləmək üçün sözü onlara verəndə bu uşaqların  əlil kimi təqdim olunmasını çox narahatlıqla qarşılayırdım. Zaman-zaman hiss edirdim ki, bu söz- uşaqlar haqqında deyilən əlil sözü  mənim ən zəif “nöqtəmdir”, ürəyimi sızladan  bir nöqtə…

Bu sözlə bağlı uşaqlıq xatirələrimdən… Məhəllədə oğlanlı-qızlı iki qrupda gizlənqaç oynayırdıq. Birdən ara qarışdı, uşaqlar arasında mübahisə başlandı. Biri dedi sən məni gördün, o biri dedi görmədin. Aramızda gözü qüsurlu olan bir uşaq da var idi. O,  mübahisə edənləri sakitləşdirmək istədikdə, qızlardan biri –“Sən heç normal görürsən ki, mənə kimisə görüb görmədiyimi sübut etdirmək istəyirsən, əlilsən də sən”, deyəndə elə bil ürəyimə bıçaq sancdılar, hönkürtü ilə ağlamağa başladım.  Uşaqlar məəttəl qalmışdılar ki, niyə ağlayıram. Mənsə birbaşa evə qaçdım və həmin günü  həmin sözlər  yadıma düşdükcə hey ağladım. O sözləri deyən qızı isə illərlə danışdırmadım. Sonra səhvini başa düşdü, o uşaqdan da,  məndən də üzr istədi.

Hər zaman düşünürdüm ki, qeyri-sağlam uşaqlarla bağlı görəsən elə bir söz ola bilər ki, əlil sözünü əvəz edə? Elə bir söz ki, sağlamlıq dərəcəsindən asılı olmayaraq bütün uşaqların olduğu yerdə, iştirak etdiyi tədbirlərdə həmin söz işlənəndə  onların sağlamlıq durumu  bu söz altında “yumşaq” səslənə, ta əlil sözü kimi sillə olub üzlərinə çırpılmaya. Axı o zaman uşaqlı-böyüklü qeyri-sağlam insanların hamısına yalnız əlil deyirdilər. Daha sonralar bu kateqoriyadan olan uşaqlarla ictimai nəqliyyatda, yolda, mağazada, parkda qarşılaşıb  söhbət edəndə, mətbuatda çalışmağa başlayandan isə onlar  haqqında yazanda elə bir söz axtarıb tapıb işlətməyə çalışırdım ki, bu uşaqların  “ruhu” inciməsin. Axı onlar da bizim birimizdir, bu insanları incitməyə heç kimin haqqı yoxdur. Onlar hər kəs kimi doğulmasalar da, hər kəs kimi  yaşamaq, gəzmək, danışmaq, həyatın rənglərini,  çalarlarını, gözəlliklərini başqaları qədər görmək istəyində olublar.  Hələ onu da unutmayaq ki, bəzən onlar da başqaları kimi sap-sağlam doğulub, böyüyüb, həyatın hansısa məqamında taleyin acı imtahanı ilə qarşılaşıb sağlamlıqlarını itiriblər. Kim deyə bilər nə vaxtsa sağlamlığını itirməyəcəyini? Gündəlik istifadə etdiyimiz nəqliyyat vasitələri, yollar, qalxdığımız, endiyimiz pilləkənlərin  günlərin bir günü özümüzün, övladlarımızın sağlamlığına qənim kəsiləcəyindən, bizi də o insanlardan biri edəcəyindən kim təminatlıdır? Deməli, həyat varsa, insan sağlam da ola bilər, qeyri-sağlam da. Əsas odur ki, bir-birimizə həssaslıqla yanaşaq, hörmət edək.

Əlil… Sağlamlıq imkanları məhdud… Bunun biri söz, digəri söz birləşməsi olsa da eyni mənanı ifadə edirlər. İndi 18 yaşadək uşaqlar sağlamlıq imkanları məhdud şəxslər adlandırılırlar, əlil deyil. Qeyd edim ki, sağlamlıq imkanları məhdud şəxslərlə, uşaqlarla bağlı ölkəmizdə 20 il  bundan əvvəl qanunlar qəbul olunub. Lakin hələ ölkəmizin əksər mətbu orqanlarındakı yazılarda əlil uşaqlar sözü yazılmaqda, televiziya kanallarındakı verilişlərdə, hətta böyük ziyalı diskussiyalarda əlil uşaqlar sözü eşidilməkdədir.

Elə buradaca mətbuatımızın banisi Həsən bəy Zərdabinin dəyərli fikirlərini xatırlayıram: “Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir”.  Bəli, bir çox ilklərə imza atılan Naxçıvanımızda illərdir ki, qeyri-sağlam uşaqların haqqında daim  sağlamlıq imkanları məhdud şəxslər söz birləşməsinin işlədilməsi əlil sözünü əridib yox edib. Və 18 yaşadək  sağlamlığı məhdud uşaqlar haqqında doğru sözü ortalığa çıxarıb. Elə 20 ildən artıqdır ki, açılış mərasimlərinin iştirakçısı olduğumuz məktəb, məktəbdənkənar müəssisələrdə, uşaq bağçaları və xəstəxanalarda, uşaqlar, əlillər günündə, ümumilikdə uşaqlarla bağlı bütün tədbirlərdə  bu kateqoriyadan olan uşaqlara yaradılan şəraitdən danışılanda onların sağlamlıq imkanları məhdud şəxslər kimi vurğulandığını eşitmişik. Bu ifadə tərzi bizə də örnək olduğundan  sağlamlıq imkanları məhdud uşaqlar söz birləşməsi artıq ümumişlək sözlər sırasına daxil olub. İndi burada ziyalı da, gənc də, kiçik yaşlı məktəbli də qeyri-sağlam uşaqları bu cür ifadə edir. Bu, həm də tək nitqimizdə deyil, əməlimizdə-onlara qarşı münasibətimizdə  də özünü göstərir.

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərlə bağlı müxtəlif  dövlət sənədləri imzalanıb, Proqramlar qəbul olunub.  Bu uşaqların təhsilə cəlbi, yeni dərs ili ərəfəsində onlara məktəbli ləvazimatlarının verilməsi, bu kateqoriyadan olan oğlan və qızlar  arasında idman yarışlarının keçirilməsi, istirahət mərkəzlərində asudə vaxtlarının təşkili, onlara qarşı tolerant mühit yaradılması diqqətdə olan məsələlərə çevrilib. Məktəbdənkənar müəssisələrdə yaradıcılıq potensiallarını üzə çıxarmaq məqsədilə məşğələlərin artırılması, uşaq bağçalarında xüsusi qrupların açılması, səhiyyə ocaqlarında bu  uşaqların reabilitasiyasının həyata keçirilməsi onların  həyat tərzinin aktivləşməsinə, cəmiyyətə inteqrasiyasına səbəb olub.

Sözdən söz birləşməsinə… Yazının sərlövhəsini bu cür seçməyim maraq doğura bilər. Bəli, bəzən bir kəlmə söz min bir qayğını əvəz edir. Təbii ki o söz yerində deyiləndə, yerində ünvanlananda. O söz qəlb qırıb, könül yıxmayanda, kimi isə utandırmayanda. Söz bəzən şəfa, bəzən müalicədir. Elə biz də Beynəlxalq Əlillər Günündə böyük arzularla ümidvarıq ki, dövlətimizin qayğısı ilə həmin uşaqların 18 yaşlarınadək sağlamlıqları bərpa olunar və onlardan bu söz də, söz birləşməsi də  tamamilə uzaq olar.

                                                                          Mətanət MƏMMƏDOVA

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: