İzi qalan yurd yerlərimiz

235

Naxçıvan Muxtar Respublikasının ərazisində bu gün 200-dən artıq kənd var.  Bu kəndlərin hər biri ən müasir infrastruktur və şəraitlə təmin edilib. Hər biri özünün ən yaxşı çağlarını, abad günlərini yaşayır. Amma muxtar respublika ərazisində tarix boyu kəndlərin sayı daha çox olub. Təəssüf ki, müxtəlif səbəblərdən  bu kəndlərin bir qisminin əhalisi öz məskənlərini  tərk etdiyi üçün onlar boşalıb və zaman keçdikcə bizə yalnız adı və toponimləri qalıb. Amma yenə də bu yurd yerlərinin insanları digər kəndlərə köçməklə burdakı ənənəni və kəndlərin adlarını yaşadıblar. Culfa rayonunda da bu cür kəndlərin sayı onlarladır. Yaxşı ki, müxtəlif  dövrlərdə dövlət səviyyəsində aparılan siyahıyaalmada  bu kəndlərin adları sənədlərdə qalıb. İndi arxivlərdə saxlanan bu sənədlər kəndlərin haqqında qalan yeganə məlumatlardır. 

Tarixçilərin tez-tez istinad etdiyi 1590-cı il “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə adları qeyd edilən və Culfa rayonunun inzibati ərazisində bu gün mövcud olmayan onlarla kənd var. Bu yazıda həmin kəndlərin adlarını verməklə XVI əsrin coğrafiyasını canlandırmaq istəyirik.  Kəndlər bunlardır: Berdik, Yuxarı Anzor, Orta Anzor, Aşağı Anzor, Əlincə kəndi, Məzrə, Yenicə kəndi, Xaçaparaq, Purdaşt, Kabudlar kəndi, Dərkəmərik kəndi, Tinə məzrəsi, Babalı, Şeyx Səyidəli, Zəvalıq, Cıracur, Kiçik Ərəfsaq, Arpalıq, Yemişənli, Xızır, Yumrudaş Məzrələri, Qoylucaq, Piri-Pənah Məzrəsi, Vərail Məzrəsi, Məryak Məzrəsi. Yalnız adı bizə gəlib çatan bu kəndlərin bəziləri  zamanında əhalinin sayına görə iri yaşayış yerləri olub. 

Bundan başqa 1727-ci ildə Naxçıvanda idarəçiliyi ələ alan Osmanlı Sultanlığının nümayəndələri- vergiyığanları  Naxçıvanla bağlı məlumatları xüsusi bir sənəd halında toplayaraq saxlayıblar.  Burda əhalinin sayı,  yaşayan tayfaların adları və dövlətə verilən vergi yer alıb. “Naxçıvan sancağının müfəssəl dəftəri” adlanan bu tarixi mənbədə digər rayonlarımızla yanaşı Culfa rayonunda  olub passiv fonda keçən kənd adlarına rast gəlirik. Bu adların əksəriyyəti toponim kimi bu gün də işlənir. Amma mənbəni əsas götürsək, deməli 4 əsr bundan əvvəl bu yerlərdə yaşayış olub. 

İndi isə  “Naxçıvan sancağının müfəssəl dəftəri”ində Əlincə nahiyəsində adı çəkilən, lakin bu gün yaşayış olmayan  kəndləri təqdim edirik. Yəqin ki , oxucularımız üçün də maraqlı olar. 

Böyük Xaçaparaq kəndi – burda 201 ailə yaşayır.

Kiçik Xaçaparaq kəndi – 38 ailə yaşayır. İki kəndin vergisi bir yerdə hesablanır. Burda  12 min baş heyvan saxlanılır.

Yeycə kəndi – Heç kim yaşamır. Bu kəndin indiki Saltaq və Kırna kəndləri arasında, Əlincəçayın sol sahilində olduğunu güman edirik. AMEA Naxçıvan bölməsinin əməkdaşı, arxeoloq, AMEA-nın müxbir üzvü  Vəli Baxşəliyev Yeycə yaşayış yerinin Saltaqdan şimal-şərqdə Əlincəçayın sol sahilində IX-XVIII əsrə aid abidə olduğunu qeyd edir.

Qurd Mahmud çiftliyiƏhalisi dağıldığı üçün Böyük və Kiçik Xaçaparaq kəndinin əhalisi burada əkin aparır. Bu gün isə bu ərazi yerli sakinlər tərəfindən “Kürd Mahmud”  adlanır. Bu yaşayış yeri Nəcəfəli Dizə kəndinin cənub-şərqindədir. Kəndin qədim kəhrizlərinin yeri indi də durur.

Cıracur kəndi – 4 ailə yaşayır. Şərait olmasına baxmayaraq Cıracurda (Cərəcur) heyvan vergisi yoxdur.

Paradaş kəndi  13 ailə yaşayır. 24 baş heyvana vergi alınmışdır.

Əlincə qalası – 10 ailə yaşayır.

Nuraşan (Göydərə) kəndindən 5 nəfərin, Xaçaparaq kəndindən isə bir nəfərin hər birinin yarım çift əkin yeri vardır. Xaçaparaq kəndindən olan Baqinin bir qitə üzüm bağı, Qahab kəndindən Hacı Əlinin bir qitə üzüm bağı, yarım çift əkin yeri, Sürəmərc kəndindən olan Mürşüdün yarım çift əkin yeri vardır. 60 baş heyvan saxlanılır”. Bu kəndin isə indiki Əlincə kəndi yaxınlığında olduğunu güman edirik.

Aşağı Anzor kəndi – 17 ailə yaşayır. Üzüm və bağ məhsullarından 1100 ağça vergi alınır.

Yuxarı Anzor kəndi – 3 ailə yaşayır.

Orta Anzor kəndi – 6 ailə yaşayır. Şurut, Aşağı Anzor, Qazançı və Berdik kəndlərindən 8 nəfərin 4 çift əkin yeri var. 200 baş heyvan saxlanılır.

Betavas kəndi – 9 ailə yaşayır.

Mikayıl Məzrəsi – 4 ailə yaşayır. 2 dəyirman yarım il işləyir. Kənardan gələnlərdən 500 ağça otlaq vergisi alınır. 200 baş heyvan var. Yuxarı Anzor kəndindən bir nəfərin yarım çift əkin yeri var”. Bu kəndin də Orta Anzor yaxınlığında olduğunu güman edirik.

Berdik kəndi – 4 ailə yaşayır. 400 baş heyvan saxlanılır”. (Bu kənd 1918-1920-ci ilə aid xəritədə Qazançı kəndinin cənub-şərqində, Berdik dağının şimal ətəyində olmuşdur. 1924-cü ilə aid xəritədə, 1925, 1933-cü ilə aid arxiv materiallarında Berdik kəndinin adı yoxdur.)

Kürəküsyar kəndi – heç kim yaşamır. Ərəzin və Camaldın kəndləri yaxınlığında olmuşdur. Vəli Baxşəliyevin XIV-XVIII əsrlərə aid etdiyi Ərəzin yaşayış yerinin Kərəküsyar olması ehtimal olunur.

Zəvalə kəndi (başqa adı Zəvalıqdır) – 8 ailə yaşayır. 400 baş heyvan saxlanılır.

Babalı kəndi 7 ailə yaşayır. 30 baş heyvan saxlayırlar. (1833-cü ildən hər iki kənd boşdur. )

Zoğala (Zəvala) kəndi, Milax və Göynük kəndləri arasında Milağın şimal-qərbində 6 kilometr aralı Zoğalaçayın kənarında olub. B.e.ə IV minillikdən yaşayış olan bu ərazidə 1925-1933-cü illərdə yaşayış olduğu göstərilir. 1874-1892-ci illərə aid arxiv materiallarında Zoğala yaşayış olan kənd, Ləkətağ-Babalı bir kənd kimi verilmişdir. Vəli Baxşəliyevin qeyd etdiyi Ləkətağ kəndinin cənub-qərbində olan, XVI-XVIII əsrlərə aid edilən Zərişdərə yaşayış yerinə uyğun gəlir.

Anzır kəndləri – Qazançı kəndinin cənub-şərqində bir xətt üzrə olmuşdur. İ.Şopen 1852-ci ildə Baş Anzırda 20, Orta Anzırda 12, Dib Anzırda 5 ailə azərbaycanlının yaşadığını yazır. V.Qriqoryev isə (1833) üç Anzırdan ikisində 13 ailə yaşadığını qeyd edir.  1905-1918-ci illərdə Anzır kəndləri də erməni basqınlarına məruz qalır. Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” gündəliyində 1918-ci ilin aprel ayının 15-də Ermənilərin Anzır kəndi üzərinə hücum etdiyini, lakin təlafat verərək geri çəkildiyini qeyd edir. Bu onu göstərir ki, XX əsrin əvvəlində Anzır kəndində müsəlləh erməni dəstələrinə cavab verəcək qədər qüvvə olub. Lakin elə həmin dövrdən Anzır kəndlərindən Aran zonasına köç başlayır. Anzırlılar müxtəlif kəndlərə, əsasən isə Babək rayonunun Hacıvar kəndinə köçmüşlər. Qalanlar isə 1960-1970-ci illərdə indiki Əlincə kəndində məskunlaşıblar.

Paradaş kəndi – Xanəgah kəndinin cənub-şərqində Xanəgah-Gal torpaq yolunun üzərindədir. 1918-1920-ci ilə aid xəritədə Paradaş yaxınlığında Yuxarı-kənd qeyd edilib. Həmin xəritədə Teyvaz və Boyəhməd kəndləri arasında Qara Qala Gömür kəndi, 1924-cü ilə aid xəritədə Qala Gömür qeyd edilib. Şahbuz rayonu ərazisində, o cümlədən Türkiyədə çoxsaylı Gömür kəndləri vardır. Toponimçi alim, mərhum  Adil Bağırov mənbələrə istinadən bu sözün mənasını dağ başında, dağ yarğanı üzərində yerləşən kənd izahını verir. Qara Qala Gömür kəndi də belə ərazidədir. Xalq buranı Kor Ömər adlandırır. Əlincəçayın sol qolu olan bu çay da Kor ömər (Köy Ərməz) adlanır. Kor Ömər çayının aşağı axarında da xarabalıq adlanan yaşayış yeri mövcuddur. 1925-ci ilə aid arxiv materiallarında kəndin adı təhrif olunaraq Kalakemar kimi verilmişdir. 1933-cü ilə aid arxiv materiallarında kəndin adına rast gəlmirik. Ancaq AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev atasının Köy Ərməz kəndindən 1935-ci ildə köçdüyünü söyləyir.

Ərəfsə kəndinin cənub-şərqində XVI-XVIII əsrə aid edilən, Ləkətağ körpüsü adlanan körpü Əlincəçay vadisindən Xurs kəndinə (Əyriçay vadisi) gedən yolun üzərində olmaqla Göydağ ərazisinə yaylaqlara keçid üçün şərait yaradır. Bundan başqa, kəndin adında olan “Qala” sözünün də körpü ilə əlaqəsi ola bilər.

   V.Qriqoryev öz yazılarında Gal-Cərəcuru birlikdə qeyd etmişdir. O məlumat verir ki, bu kənddə 5 ailə yaşayır. 100 xalvar (150 hektar) əkin sahəsi var. Torpaqlar Maqsud xana məxsusdur. Özü və oğlu Əsədullaxan, nəvələri Maqsud xan, Məmməd ağa, Hüseyn xan, Xəncər və Süleyman xan, onların törəmələri də Sovet hakimiyyətinin ilk illəri də daxil olmaqla Sirab kəndində yaşamış, Gal-Cərəcuru isə buradan idarə etmişlər. Gal-Cərəcuru ərazisini əsasən Biləv camaatı əkib-becərmişdir.

  Bu sənəddə adı çəkilən Betavas kəndinin- 1727-1728-ci illərdə 9 ailə yaşayan kəndin yerini təyin edə bilmədik. Çox güman ki, Anzır kəndlərinə yaxın olduğunu düşünürük. Sonrakı mənbələrdə adı çəkilmir. Bu kəndin Dərgəməlik kəndinin yerində olması da mümkündür. 1590-cı ildə Dərgəməlik adı olsa da, Betavas yoxdur. 1727-1728-ci illərdə Betavas var, Dərgəməlik yoxdur. 1833-cü ildə V.Qriqoryev Dərgəməliyin Şurud və Anzır arasında boş kənd  olduğunu qeyd edir, İ.Şopenin yazılarında  isə kəndin adına rast gəlinmir.

   1590-cı ilin siyahısında adları çəkilən Məzrələr  sonrakı sənədlərdə verilməyib.  Görünür ki, bu Məzrələrdə heyvan saxlayan tayfalar müvəqqəti məskunlaşıblar. 1833-cü ilə aid yaşayış olmayan kəndlər siyahısında Məzrə, Berdik, Zoğala, Babalı və Tanbaz adları vardır.

  Bizə elə gəlir ki, bu məzrələrin adları 400 il keçməsinə baxmayaraq qismən də olsa yerli əhali tərəfindən saxlanılır. Boyəhməd kəndinin şərq hissəsində eyni adlı Yemşənli, Arpalığa uyğun Arpa kəsilən, Ləkətağın şərq hissəsində Kabudlara uyğun Palıdlar sahəsi vardır. 

  Bu gün yalnız adları və coğrafi əraziləri qalan kənd yerlərimiz bir çox cəhətdən tariximizi özündə yaşadan mənbədir. Onların adları toponimçilər, qalan evlərin, binaların qalıqları memarlar, tapılan məət əşyaları isə arxeoloqlar üçün araşdırma mənbəyi ola bilər. Sadəcə onları yaxşı tanımaq və ən əsası unutmamaq lazımdır.      

                                                                                      

                                                         Zaleh Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: