İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub

116

İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında üçtərəfli görüş keçirilib.

NUHÇIXAN xəbər verir ki, nazirlərin sayca VII görüşü İstanbulun tarixi Dolmabaxça sarayında təşkil edilib.

Nazirlər görüşün yekunları ilə bağlı mətbuat keçiriblər.

Bu görüşün Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdıran nazir Mövlud Cavuşoğlu bildirib ki, tərəflər birgə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti, gündəlikdə duran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Nazir diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bir daha bəyan edirik ki, mövcud problemlərin sülh yolu, beynəlxalq hüquq çərçivəsində sərhəd toxunulmazlığı ilə həll olunmasının tərəfdarıyıq və bu məsələlərdə Türkiyənin mövqeyi dəyişməzdir.

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində tutduğu ədalətli mövqeyə görə qardaş ölkəyə minnətdarlığını ifadə edib.

Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrindən danışan nazir Elmar Məmmədyarov diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələr böyük bir coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani qeyd edib ki, tərəflər arasında keçirilən üçtərəfli görüşlər əməkdaşlıq əlaqələrinin inkişafını daha da sürətləndirir. Hər üç ölkə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa xüsusi önəm verir.

Nazirlər ifadə ediblər ki, görüşdə regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarlarin icra vəziyyəti müzakirə olunub.

Nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Görüşün nəticəsinə dair İstanbul Bəyannaməsi imzalanıb.

Xatırladaq ki, oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: