İstanbul derbisi :“Qalatasaray”-“Fənərbağça” oyunu heç-heçə başa çatıb
Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə “Qalatasaray”ın futbolçusu Rayan Donkun vurduğu qolla meydan sahibləri açıblar – 1:0. Fasilədən dərhal sonra – görüşün 49-cu dəqiqəsində Martin Linnes ikinci topu qonaqların qapısından keçirib. Lakin “Fənərbaxça” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Əvvəlcə 66-cı dəqiqədə Matyö Valbuenanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərq azalıb. Bundan altı dəqiqə sonra isə M.Valbuenanın məhsuldar ötürməsini braziliyalı Jailson qola çevirib – 2:2. Oyunun sonlarında hər iki komandanın real qol vəziyyətləri yaratmasına baxmayaraq, hesab dəyişməyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun heç-heçə yekunlaşıb.
Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına beş sarı kart göstərib.
Bu oyundan sonra hesabındakı xalların sayını 20-yə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib.
On oyundan sonra cəmi 10 xal toplaya bilən “Sarı-lacivərdlilər” isə hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıblar.