İspaniya La Liqası: “Barselona” – “Sevilya” oyununda altı qol vuruldu

201

Oktyabrın 20-də İspaniya La Liqasında növbəti turun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması “Nou Kamp” stadionunda oynanılıb. “Barselona” “Sevilya” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalıların heyətində Filip Koutinyo (2), Lionel Messi (12), Luis Suares (63), İvan Rakitiç (88), qonaqların isə Pablo Sarabiya (79) və Luis Muryel (90) fərqləniblər.

Messi “Sevilya” klubunun yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra qolundan zədə alıb. Hadisə qarşılaşmanın 26-cı dəqiqəsində Kataloniya təmsilçisinin hesabda 2:0 öndə olan vaxt baş verib. Argentinalı oyunçu 26 dəqiqəyə həm fərqlənib, həm də məhsuldar ötürmə edib.

“Barselona” klubunun əzəli rəqibi “Real Madrid” isə “Levante” komandasına gözlənilmədən məğlub olub.

Oyuna fəal başlayan meydan sahibləri ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, hesabı “Levante” açıb. Qonaqların müdafiəçisi Serxio Postiqo diaqonal ötürmə ilə Xose Luis Moralesi qapıçı ilə təkbətək çıxarıb. Sonuncu fürsəti əldən verməyib – 0:1.

Vurulan qoldan altı dəqiqə sonra “Levante” klubunun əks-hücumunun qarşısını almaq üçün səy göstərən Rafael Varan cərimə meydançası daxilində topa əllə müdaxilə edib. Oyunun baş hakimi Kuadra Fernandez “kral klubu”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Rojer Marti dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində hücuma atılan Madrid təmsilçisi matçın 72-ci dəqiqəsində hesab arasındakı fərqi minimuma endirib. Kərim Benzemanın ötürməsini hücuma qoşulan müdafiəçi Marselo dəqiq zərbə ilə tamamlayıb – 1:2. Qalan dəqiqələrdə ciddi müdafiə olunan “Levante” madridlilərin bir daha fərqlənməsinə imkan verməyib.

Madridin digər təmsilçisi “Atletiko” da xal itkisiylə üzləşib. Diego Simyonenin yetirmələri səfərdə “Vilyareal” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

“Selta Vigo” – “Deportivo Alaves” – 0:1

“Valensiya” – “Leganes” – 1:1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: