İspaniya alimləri dünyada ilk dəfə qeyri-sərbəst şəraitdə səkkizayaqlı ilbiz yetişdirməyə müvəffəq olublar
İspaniya alimləri dəniz “inkubatoru” şəraitində səkkizayaqlı ilbiz balaları yetişdirməyə müvəffəq olublar.
NUHÇIXAN xəbər verir ki, İspaniya Milli Okeanoqrafiya İnstitutunun Viqoda (Qalisiya əyaləti) və Kanar adalarında yerləşən laboratoriyalarında çalışan mütəxəssislər bu uğura imza atmaq üçün 60 illik yol qət ediblər. İndi onlar qeyri-sərbəst şəraitdə səkkizayaqlı ilbiz yetişdirilməsi metodunu patentləşdirmək üçün müraciət ediblər. Alimlər hesab edirlər ki, bundan sonra dəniz məhsulları istehsalının bu sahəsi qarşısında gözəl perspektivlər açılır.
”GCiencia” elmi jurnalında dərc olunmuş məqalədə deyilir ki, Yaponiya, ABŞ və başqa ölkələrin alimləri də başıayaqlıların bu növünün yetişdirilməsinin həlli üzərində uzun illərdir baş sındırırlar, amma ispanlar hamını qabaqlayıblar.
Hazırda bu patenti əldə etməyə bir nömrəli namizəd İspaniyanın ən iri balıqçılıq və balıqyetişdirmə şirkəti olan “Pescanova”dır.
Səkkizayaqlı ilbizlərə qida sənayesi ilə bərabər, hərbçilər də böyük maraq göstərirlər. Hazırda ABŞ və Kanada mütəxəssisləri molyuskların gövdə hüceyrələri üzərində işləyirlər. Alimlər hesab edirlər ki, bu tədqiqatlar sayəsində ətraf mühitin təsiri ilə öz rəngini dəyişən parça hazırlamaq və bu cür parçadan kamuflyaj geyinmiş insanı praktiki olaraq gözəgörünməz etmək mümkün olacaq.