İslam Mədəniyyətinin Paytaxtı qədim Naxçıvan islami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
Mədəniyyətlər tarixən dünya ölkələri və xalqları arasında müəyyən münasibətlərin və əlaqələrin qurulmasında mühüm rol oynayıb. Müxtəlif xüsusiyyət və dəyərlər toplusunu özündə cəmləşdirən mədəniyyətlər ayrılıqda fərqli cəmiyyətlərin dünyaya baxışını formalaşdırır. Məhz mədəniyyətlərarası transformasiyada zəngin dəyərləri ilə fərqlənən, maddi və mənəvi sərvətləri ilə digər mədəniyyətlərə təsir edən xalqlar daha mədəni xalqlar hesab olunur. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan xalqı da özünün zəngin mədəniyyət tarixini yaratmış, ölkəmiz Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün milli mədəniyyətimiz hər iki qütbün məxsusi elementlərini özündə birləşdirməyi bacarmışdır.
İndi elə bir xalq tapmaq mümkün deyil ki, o xalqın mədəniyyətində din amili rol oynamasın. Çünki dinlər mövcud mədəniyyətlərin inkişafına mühüm təsir göstərərək onların yeni müstəvidə formalaşmasına təkan vermişdir. Yer üzünün sonuncu dini sayılan İslam dini də mövcud olduğu dövrdən indiyədək bərqərar olduğu coğrafi ərazilərdə müxtəlif xalqların tarixi inkişafına böyük təsir etmiş, aid olduğu xalqların dəyərləri ilə çuğlaşaraq onu daha da zənginləşdirmişdir. Müasir dövrdə mədəniyyətlər həm də mənsub olduğu xalqların dünyadakı yerini müəyyənləşdirir. Bu mənada, İslam mədəniyyəti məfhumu özündə böyük məna kəsb edir. Bəs İslam mədəniyyətinin mahiyyəti nədən ibarətdir?
Müasir dövrdə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Bu mənada, mədəniyyət paytaxtları (“Avropa Mədəniyyətinin Paytaxtı”, “Ərəb Mədəniyyətinin Paytaxtı”, “Amerika Mədəniyyətinin Paytaxtı” və “İslam Mədəniyyətinin Paytaxtı”) layihələrinin həyata keçirilməsi milli, dini və bəşəri dəyərlərin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təbii ki, mədəniyyət paytaxtı statusunu daşımaq hər hansı bir şəhərin mövcud potensialından çox asılıdır. Çünki həyata keçirilən layihələrin əsas məqsədi status qazanmış şəhərlərin tanıtma, təqdimetmə imkanlarının yetərli olmasına şərait yaratmalıdır. Məhz Qafqazın, eləcə də Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu potensialın mövcudluğundan irəli gəlir.
Qeyd edək ki, “İslam Mədəniyyətinin Paytaxtı” layihəsi haqqında ilk qərar İSESKO-nun təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin III konfransında qəbul edilmişdir. Bu sənədə əsasən İslam Mədəniyyətinin Paytaxtı İslam Əməkdaşlıq Təşkilatına (İslam Konfransı Təşkilatı) üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam Mədəniyyəti Paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər İslam Mədəniyyətinin Paytaxtı olmalıdır. Bakı isə 2009-cu ildə bu tarixi sevinci yaşadı. Elə həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Vurğulamaq lazımdır ki, Naxçıvan həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Naxçıvan hər zaman region ölkələrinin diqqət mərkəzində olmuşdur. Dünyanın yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsinin, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarasının, Böyük Nuh Tufanından sonra Uca Yaradanın bəxş etdiyi bənzərsiz Duz dağlarının burada mövcudluğu Naxçıvanın yaşayış məskəni kimi dünya tarixində ilklərdən biri olduğunu göstərir. Saysız-hesabsız qədim yaşayış məskənləri – Gəmiqaya, Qazma, Oğlanqala, Gilançay, Kültəpə kimi abidələrlə yanaşı, çoxsaylı türk və İslam abidələrinin də varlığı Naxçıvan kimi həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığını özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.
Qeyd etmək lazımdır ki, türk-islam mədəniyyəti tarixində mühüm yerə sahib olan Naxçıvanda tarixi dəyərlərin, milli mədəniyyət nümunələrinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Görülən işləri bir yazıya sığışdırmaq mümkün olmasa da, onu deyək ki, ötən dövrdə qədim diyarımızda mövcud olan məscid və imamzadələr, çoxsaylı pir və ziyarətgahlar, o cümlədən tarixi abidələr – türbələr, körpülər, hamamlar və digər bu kimi obyektlər əsaslı şəkildə təmir və bərpa olunaraq istifadəyə verilmişdir. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı tanıtmaq, təbliğ etməkdən ibarətdir. Bu mənada, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qarşısında geniş imkanlar açılır. Bunu da qeyd etmək lazımdır ki, Naxçıvan ötən dövrdə bu mədəniyyət ilinə kifayət qədər ciddi hazırlaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış, komitənin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiq olunmuş və icrasına başlanılmışdır. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” rəsmi internet səhifəsi yaradılmışdır. Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 2018-ci il yanvarın 13-dən istifadəyə verilmişdir. 2018-ci ilin mart ayında isə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olmuşdur. Bundan əlavə, üzərində bu loqotipin əks olunduğu zərf və poçt markaları, suvenirlər, nəfis şəkildə qablaşdırılmış yerli məhsullar, muxtar respublika ərazisindəki İslam mədəniyyəti abidələri haqqında dəqiq məlumatların toplanıldığı, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab və bukletlər də Naxçıvanın hərtərəfli təbliğatında mühüm rol oynayacaqdır.
Bir neçə gün bundan əvvəl – iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxmışlar. Sərgidə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş etdirilmişdir.
Onu da qeyd edək ki, iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq müvafiq hazırlıq işləri görülür.
Artıq bir neçə gündən sonra Naxçıvan şəhəri İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin nümayəndələrini qəbul edəcək. Mədəni-kütləvi tədbirlərdə iştirak edəcək qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri ilə də tanış olacaqlar.
Bəli, bu ilin sonuna kimi bütün İslam dünyasının gözü Naxçıvanda olacaq. Şərq-Qərb sivilizasiya dəhlizinin kəsişməsində yerləşən bu qədim Azərbaycan şəhəri İslam ölkələrinin kütləvi informasiya vasitələrində təbliğ ediləcək, uzaq-yaxın ölkələrdə tanıdılacaq. Mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi, ixtilaf və toqquşmaların yaşandığı həyatımızda insanlar dünyaya, həm də islami və bəşəri dəyərlərin qorunduğu Naxçıvan adlı sabitlik “pəncərəsi”ndən baxacaqlar.
Səbuhi HƏSƏNOV
“Şərq qapısı” qəzeti