İşğaldan azad edilən Şərurun Günnüt kəndində 26 il sonra oxunan Quran-Tarixi FOTOLAR

Sahil Tahirli yazır

5. 210

“Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”, – deyən fransız ictimai xadimi Qabriel Mirabo kimi mən də həmişə ədalətin zəfərinə qəlbən inanmışam. Ata-babalarımızın “haqq nazilər, ancaq üzülməz” kəlamı da min illərdir ki, ruhumuzda kök salıb.

Hər şey ordan başladı ki, biz 2016-cı ilin aprel döyüşlərində ədalətin, haqqın, qələbənin ayaq səslərini eşitməyə başladıq. İllərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistana layiqli dərs verildi: mühüm strateji yüksəkliklər, yaşayış məntəqələri, minlərlə hektar torpaq sahəsi ordumuzun nəzarətinə keçdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulan Milli Ordumuzun böyük taktiki və texniki gücü, döyüş bacarığı, müasir silah və texnikaları “Lələtəpə”yə sancılan üçrəngli bayraqda, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa olunan Şuşa məscidində öz əksini tapdı.

17 oktyabr 2017-ci il

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk Milli Hərbi Hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə hərbi parad keçirilir. Yüzlərlə müasir silah və texnika, raket və artilleriya sistemləri, döyüş təyyarələri, “Sakarya”, “Smerc” kimi uzaqvuran raketlər, ayaqlarının səsi yeri-göyü titrədən xüsusi təyinatlılar meydandan keçir.

Həmin gün “Şərq qapısı” qəzetində dərc edilən “Buluddağıdan toplardan “Sakarya” və “Smerc”lərə qədər” sərlövhəli məqaləmdə bir fikri xüsusi vurğulamışdım: “İnanın, bu günkü paradda şəxsi heyətə və döyüş texnikalarına “dur” komandası verilməsəydi, onlar qədim şəhərimizə – İrəvana qədər gedib çıxardılar. Bax, budur iş, budur qurub-yaratmaq eşqi, budur vətənpərvərliyin Naxçıvan nümunəsi!”.

May, 2018-ci il

Naxçıvan Muxtar Respublikasına növbəti dəfə səfər edən Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yeni xəstəxananın açılışını etdi, Əsgəri-məişət kompleksi, Təlim-tədris mərkəzi, İdman şəhərciyi ilə tanış oldu. Görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə dedi: “Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks hücum əməliyyatı keçirə bilər”.

Ali Baş Komandanın bu açıqlamasından ciddi narahatçılıq duyan işğalçı Ermənistan az sonra Əlahiddə  Ümumqoşun Ordunun Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı taktiki təlimlərini məyusluqla izlədi və dərhal da Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Cavab isə qəti və çox sərt oldu…

Ötən əsrin 90-cı illəri

Azərbaycanımızın digər bölgələri kimi muxtar respublikanın Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri də aramsız  düşmən hücumlarına məruz qalırdı. Məqsəd Naxçıvanı bütövlükdə işğal etmək idi. Şərur rayonunun mərkəzindən 22 kilometr uzaqda yerləşən Günnüt kəndi də elə həmin vaxt–1992-ci ildə işğala məruz qalmışdı. Erməni vandalları kəndi xarabalığa çevirərək, yaşayış evlərini, məktəbi, tibb məntəqəsini, hətta, xalqımıza məxsus izləri itirmək üçün qəbiristanlığı və məscidi də dağıdıb yerlə yeksan etmişdilər. Qəbir daşları güllələnmiş, bəzi qəbirlərə isə mina basdırılaraq partladılmışdı. Kənd camaatı isə  rayonun digər yaşayış məntəqələrinə, əsasən də Mahmudkəndə köçməyə məcbur olmuşdu.

26 il sonra

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi,  mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib.  Bununla da ordumuz daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa  kəndində  (10 sentyabr 1946-cı ildə ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 km yeni yol çəkilmiş, 60 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili  üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

(Yeri gəlmişkən, torpaq su ilə suvarılanda palçıq, qan ilə suvarılanda VƏTƏN olur. Bu əməliyyatlarda düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan əsgərimiz Adil Tatarovun, eləcə də 1992-ci ildə Günnütün müdafiəsində şəhid olan “Əlibaba” ləqəbli qəhrəmanımız Asəf Rəhimovun xatirəsini ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm).

Artıq dünən 26 illik həsrətə son qoyulub. Mahmudkənddə məskunlaşan  günnütlülər uzun illərdir həsrət qaldıqları doğma kəndlərinə qayıdaraq əzizlərinin məzarını ziyarət edib, bunu böyük sevinc və qürurla qarşılayıblar. Kənd qəbiristanlığında uyuyan günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edilib, məzarların üzərinə tər güllər düzülüb kəndin qəbiristanlığında 26 il sonra Quran oxunub, ulu babalarımızın 30 ilə yaxındır nigarançılıqda qalan narahat ruhları dinclik tapıb.

Ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Günnüt qələbəsi də Vətən uğrunda mübarizəmizin ən ali zirvələrindəndir. O zirvədən Qarabağa, Şuşaya doğru dalğalanan üçrəngli bayrağımız isə böyük qələbəmizin soraqçısıdır. Bu qələbə həm də qüdrətli Azərbaycan ordusunun 100 illik yubileyinə ən layiqli töhfədir.

Qeyd etməyi özümə borc bilirəm ki, Naxçıvan Televiziyası illər sonra Günnütdən ilk yayımını gerçələşdirib. Naxçıvan Dövlət Televiziyasının əməkdaşları Səməd Canbaxşiyev və Lalə Hüseynova sakinlərin kəndə gəlişi və kəndin indiki vəziyyətini əks etdirən reportaj hazırlayıblar.

Günnüt sakinləri  Məhəddin Cavadovun, Hacı Nəsib Novruzovun və  Fikrət Məmmədovun kənd qəbiristanlığında Naxçıvan Televiziyasına verdikləri müsahibədən:

“Bu sevinc və qürur hisslərini bizə yaşatdığına görə Azərbaycan Ordusu ilə fəxr edirik. 26 il əvvəl kəndimizi tərk etmək məcburiyyətində qaldıq. Bu gün isə biz böyük fəxr hissi ilə öz ata-baba yurdumuzda doğmalarımızın məzarlarını ziyarət edirik. Uzun illərdən sonra bizə bu cür imkan yaradılmasını sözlə ifadə etmək çətindi. Biz bu gün öz ata yurdumuzda doğmalarımızın məzarını ziyarət edib, onların ruhuna dualar oxuduq. Uzun illərdir kənd qəbisitanlığına gedib-gələ bilmirdik. Biz ordumuzla, Ali Baş Komandanımızla fəxr edirik.  Prezidentimiz İlham Əliyevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığımızı bildiririk”.

1920-1929-cu illər: Yaxın tarixi heç vaxt unutmayaq

Əvvəlcə İrəvan xanlığının, ötən əsrin 20-ci illərində  isə Zəngəzurun işğalından sonra Naxçıvan ölkəmizin əsas ərazisindən ayrı düşdü.  Həmin vaxtlar Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, başqa sözlə desək, 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verildi. Bu zaman beynəlxalq hüquq normalarına məhəl qoyulmadı, Naxçıvanın ərazi bütövlüyünün qarantı olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozuldu. 1929-cu ildən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçirildi, nəticədə, bu kəndlərin əhalisinin çox hissəsinin tədricən öz dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçməyə məcbur oldular. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildən sonra başlayan işğalların fonunda  öz yurd-yuvalarını tərk etməyə məcbur oldular.

Günnüt kəndindən ilk reportajı yayımlamaq şərəfini, qürur və sevincini bizə yaşatdıqlarına görə, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Muxtar Respublikanın Təhlükəsizlik Şurasının Sədri cənab Vasif Talıbova Naxçıvan teleradiosunun bütün kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Müdriklər deyirlər: “Ən böyük intiqam uğur və qələbədir. Bu, sizin düşmənlərinizi məhv edər”. LƏLƏTƏPƏ, COCUQ MƏRCANLI, GÜNNÜT, qələbələrimiz mübarək! Ardını Laçında, Şuşada görmək inamı ilə…

 Yaşasın Azərbaycan, Yaşasın Naxçıvan, Yaşasın qüdrətli Ordumuz!!!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: