İntellektual oyunun qalibləri müəyyənləşib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Nə? Harada? Nə zaman?” intellektual oyununun muxtar respublika mərhələsi keçirilib. Oxunması zəruri olan kitablarla əlaqədar keçirilən oyunda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.
Oyun iki mərhələdən – rayon (şəhər) və muxtar respublika mərhələsindən ibarət olub. Birinci mərhələdə qalib gələn komandalar muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanıblar. Hər komandanın tərkibində 6 iştirakçı hər biri 12 sualdan ibarət olan iki turda mübarizə aparıblar. İntellektual oyunun yekun nəticəsinə əsasən, Kəngərli rayonunun “Turan” komandası qalib adını qazanıb. Digər iki pillədə isə Culfanın “İstiqlal” və Naxçıvan şəhərinin “Sirlər xəzinəsi” komandaları qərarlaşıblar. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar. Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.