İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri

404

Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri mövcud inkişaf, tərəqqi və sabitliyin bəhrəsidir. Əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. İkinci dəfə ölkəmizin investisiya reytinqinin lideri olan muxtar respublikanın yaşayış məntəqələri müasir infrastrukturu ilə seçilir. Ordubad rayonunun Dəstə kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yollar yenidən qurulub, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, sakinlərin rahat və firavan həyatı təmin olunub.

2019-cu ildə ilk məktəb binası Dəstə kəndində istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Qeyd olunub ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana, idman zalı və bufet vardır. 2018-2019-cu tədris ilində Dəstə kənd tam orta məktəbində birinci sinfə 51 şagird qəbul olunub. Son 5 ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Məktəbdə zəngin kitabxana fondu yaradılıb. Burada 13 min 641 kitab vardır ki, onların da 7187-si dərslik və 6454-ü bədii ədəbiyyatdır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır.

Məktəbdə quraşdırılan müasir elektron lövhələr və 63 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə 224 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilib. Distant dərsdə görkəmli Azərbaycan ədibləri, xüsusilə də İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib.

Şagirdlərin məntiqi düşünmə qabiliyyətinin formalaşmasında və təfəkkürünün inkişafında şahmat əvəzsiz vasitədir. Muxtar respublikada şahmatın tədrisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dəstə kənd tam orta məktəbində də 2 şahmat sinfi yaradılıb və lazımi avadanlıqlar qoyulub. Bildirilib ki, məktəbin şagirdi Elçin Rzayev ölkə və beynəlxalq şahmat yarışlarında uğurlu nəticələr göstərir.

Ali Məclisin Sədri dəqiq elmlərin, çağırışaqədərki hazırlıq, şahmat və fiziki tərbiyə dərslərinin tədrisinə diqqətin artırılması, məktəbdə idman yarışlarının keçirilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün təşkili və yaradılan şəraitdən səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təhsil müəssisələrində elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunların ali məktəblərə qəbulunda ilbəil artım müşahidə olunub, təkcə ötən tədris ilində 331 məzun 500-700 arası nəticə göstərib, onlardan 6-sı Prezident təqaüdünə layiq görülüb. Gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılır. 2018-ci ildə ali məktəblərə qəbul olan 658 məzunun pedaqoji profilli ixtisas seçməsi bunun əyani ifadəsidir. 2018-ci ildə muxtar respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqələrdə müvəffəqiyyət qazanan 119 gənc müəllim işlə təmin edilib. Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Son 5 ildə məktəbin məzunlarından 44-ü ali, 5-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub, onlardan 15-i 500-700 arası bal toplayıb. Məzunlardan 23-ü hazırda ali məktəblərin pedaqoji ixtisaslarında təhsil alır ki, bu da gələcəkdə Dəstə kənd tam orta məktəbinin müəllim kadrlara olan tələbatının ödənilməsinə öz müsbət təsirini göstərəcəkdir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Gənc müəllim Aynurə Musayeva çıxış edərək deyib: 1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən elan etmişdiniz ki, təhsilə daim üstün istiqamət verəcəksiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik təhsil müəssisələrinin sayı ilbəil artmaqdadır. Məktəblərimiz ən müasir kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Əvvəllər xəyal olan distant təhsil indi reallıqdır. Dəstə kənd tam orta məktəbində yaratdığınız şərait şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada müəllimlərə böyük qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, 2018-ci ildə gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş müəllimlər orta məktəblərdə işlə təmin olunublar. Yüksək nəticə göstərən müəllimlərdən biri kimi mən də ingilis dili fənni üzrə 71 bal toplayaraq Ordubad rayon Dəstə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Aynurə Musayeva Dəstə kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ona görə ki, təhsil ölkənin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Təhsil müstəqil dövlətin təməlidir”. Çünki hər bir ölkənin idarə olunmasında, inkişafında təhsilli və vətənpərvər gənclərə ehtiyac vardır. Həmin gənclər isə məktəblərdə hazırlanır. Bu gün ölkə Prezidenti də təhsili himayə edir, bu sahənin inkişafına hərtərəfli qayğı göstərir, müasir tədrisin tələblərinə uyğun məktəblərin qurulması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir, istər şəhər, istərsə də ucqar dağ kəndlərindəki məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur.

Ali Məclisin Sədri deyib: Müasir məktəblərdə təhsil alan gənclər özlərini gələcəyə hazırlamalı, peşə seçməli, vətənpərvər böyüməli, bilik və dünyagörüşlərini artırmalıdır. Bunlar isə müəllimlər tərəfindən həyata keçirilir. Ona görə də müəllim əməyinə ölkəmizdə yüksək qiymət verilir. Son illər ali məktəblərə qəbul olanların çox hissəsinin müəllim peşəsini seçməsi də bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir. Məktəblərdə yaradılan şərait, təhsilə göstərilən diqqət və müəllim əməyinə verilən qiymət isə bu sahənin inkişafına səbəb olmuşdur. Hər il muxtar respublikada ali, orta ixtisas və peşə məktəblərinə qəbul olan, yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən şagirdlərin sayının artması təhsilin inkişafının göstəricisidir.

Qeyd olunub ki, Dəstə kənd tam orta məktəbinin nailiyyətləri də qənaətləndiricidir. Son beş ilin nailiyyətlərinin təhlili göstərir ki, hər il ali məktəblərə qəbul olan və yüksək bal toplayan şagirdlərin sayında artım vardır. Bu da müəllim əməyinin və şagird çalışqanlığının nəticəsində mümkün olub.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib və gələcək tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: