Planetin ən varlı adamlarından biri olan İlon Maskın rəhbərlik etdiyi “SpaceX” uzunmüddətli kosmik proqramı ətrafında yaşanan problemlər milyarderi radikal addımlar atmağa vadar edib.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, “SpaceX”in Vaşinqton ştatındakı Redmond məntəqəsinə gələn Mask şirkətin ən yüksək vəzifəli 7 əməkdaşını işdən azad edib, onların yerinə isə Kaliforniyadan yeni mütəxəssislər və konstruktorlar gətirib. Yanvarın əvvəlində “Starlink” seriyasından olan peyklərdən birinin uğursuz uçuşu və kosmik proqramın rəqabət qabiliyyətinin azalması təhlükəsi ilə qarşılaşan Mask yeni qərar qəbul edib: “OneWeb” və Kanadanın “Telesat” şirkətlərini qabaqlamaq üçün “SpaceX” peyklərinin 2020-ci ildə kosmosa göndəriləcək ilk partiyası 2019-cu ilin birinci yarısından gec olmayaraq buraxılmalıdır!
Ekspertlər bildirirlər ki, İlon Maskın Aya səyahət və Mars planetində koloniyalar yaratmaq planları ilə yanaşı, əsas məqsəd dünyanın əlçatmaz yerlərini daha sürətli internetlə təmin etmək üçün şirkətlər arasında davam edən rəqabətin qalibi olmaqdır.
“SpaceX” proqramında mühəndis işləyən Eva Behrend bildirib ki, Maskın qarşıya qoyduğu vəzifə yeni nəsil peyk şəbəkəsinin yaradılmasıdır. “Microsoft” şirkətindən də mütəxəssisləri cəlb edən amerikan milyarderini az xərclə yüksək məqsədlərə çatmaqda da ittiham edirlər. Proqram çərçivəsində 20 il ərzində 4 mindən çox kiçik peyklərin buraxılması, daha yüksək keyfiyyətli internetin, o cümlədən yaxın zamanda “4k YouTube” xidmətinin istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə, peyklər vasitəsilə internet və televiziya xidmətləri üçün qlobal bazara qoyulacaq sərmayələrin həcmi 127,7 milyard dollar məbləğində qiymətləndirilir. “Softbank”, “Coca-Cola” kimi nəhəng şirkətlərin də bu biznesə maraq göstərdikləri bildirilir.
İlon Maskın “Falcon” raketi ilə Marsa göndərməyi planlaşdırdığı birgünlük missiya üçün ayrılacaq vəsaitin də (5 milyard dollar) yetərli olmadığı müəyyən olunub.