İnsanın arzularından fərqli olaraq hökmü verən zamandı… Dünyaya gələndən, hələ öz ayaqlarımız yer tutmazdan qabaq zamanın ayaq səslərini eşidirik. Qızıl balıq kimi əlimizdən sürüşüb gedən günlərimiz fəsil-fəsil illərə yetirir bizi. Beş günlük sevinci əbədi bilib bərk-bərk onun əlindən yapışıb saxlamaq istəyirik. Ancaq saxlamaq istədiyimiz zaman inadkardır, günləri arxasınca çəkərək dayanmadan yol gedir. Bu günlərin yedəyində biz də görürük ki, getməyir xoş günlə yola ayrılıq. Bir dadlı yalan kimi ömrümüzdən ötən günlər bir ilğıma çevrilib gözdən itir, əlçatmaz olur, o dadlı, o şirin günlər. Sən demə uzun, həm də yalan bir yuxu imiş ömrümüz.
Qönçə olub, çiçəklər gül ömrümüz, bölünübdü fəsil- fəsil ömrümüz, hər ömrün də bir yazı var, bir qışı, uzun çəksə çəkər yüz il ömrümüz.
İllər ömürlərin sahilləridir, deyirlər. Bu sahilə hər yan aldıqca, zaman öz lövbərini burda saldıqca elə bilmişik ki, əbədidir, bizimkidir bu dünya. Ancaq quş qanadlı illər əlimizdən uçar, qaçar biz duymadan, hiss etmədən. Sanki dayanırıq bircə nöqtədə. Elə bilirik kı, bu sahil də, uçan, qaçan o zaman da, saatın çıqqıltısı, zamanın ayaq səsləri bizi bizdən ala bilmir. Ancaq illər bir-bir zamana döndükcə, bizdən uzaqlaşdıqca görürük ki, nə zamana, nə illərə çatammırıq. İllərə, günlərə sanki dinclik yoxmuş, gedərgiymiş. Ömür adlı bu get-gəldə fəsillərin ayrılıq nəğməsi illərin yol ayrıcında oxunduqca sanki dərk edirik ki, yaz dumanda qalar, yay ötər gendən, bir bahara dönüb qaldığım günlər, bizə xatirədir, şirin bir nağıldır ötən günlərdən.
Ayları, illəri adlayıb bir –bir, bütün fəsillərin içindən keçib hər il təzə ilə xoş gəldin deyib, təzə arzu, təzə əməl, təzə iş həvəsilə biz yenə görüşdük fəsillərlə, aylarla, günlərlə
Sevinmişik bilməmişik,
Yol üstəymiş sevincimiz,
Yol üstəymiş kədərimiz,
Bu yol ayrılığın hədəsi imiş,
Ömrümüz, günümüz geri baxmadan,
Üz tutub bu yolla gedəsi imiş…
Ömür bir karvandır ki, baş alıb gedir. Hər zınqırov səsi insanın dırnağından tutmuş saçına qədər qocalıq fəryadının harayından sanki bir xəbər gətirir ömrümüzə. İlləri şirin arzularla qarşılayıb təəssüflə yola salsaq da, arzularımız hər zaman sabahı gözləyir. Bu həvəs insan övladını əsrlərdir ki, sabaha yetirir. Biz də 2018-in tarixlə görüşünə, zamana çevrilməsinə şahidlık edib, sabahımıza- 2019-a can atırıq ki, təzə arzularla, təzə sevgilərlə ömrümüzə yeni- yeni naxışlar vurulsun, günlər calansın. Arzu edirik ki, 2019 bizlər üçün xoş müjdələr, bəxtəvər günlər gətirsin. Gəlişi uğurlu, ömrü sevincli olsun. Xalqımızı birlik, həmrəylik və yeni il münasibətilə təbrik edir, hər bir insana könül xoşluğu arzulayırıq.
Şəhla Nəbiyeva