İKİNCİ ŞAPALAQ

İlham Əliyevin əks-həmlə taktikası daha 11 min hektar torpağı geriyə qaytardı

729

2016-cı ilin aprel ayında təmas xəttindəki təxribat əməllərinə əks- hücumla cavab verən Azərbaycan Ordusu sarsıdıcı zərbəsi ilə düşmənin burnunu ovdu:
* Yarım saat ərzində erməni hərbçilərinin lovğalıqla “alınmaz səngər”, “keçilməz sədd” adlandırdıqları və uzun illər boyu möhkəmləndirdikləri müdafiə qurğuları dəf edildi;
* Qəhrəman əsgər və zabitlərimiz düşmənə səngərdən çıxıb qaçmağa belə imkan vermədilər;
* Düşmənlərimiz indiyə qədər sorağını eşitdikləri yeni növ silahların gücünü və dağıdıcılıq qabiliyyətini də öz üzərlərində yoxladılar.
* Qısa müddətdə hətta Dağlıq Qarabağdakı mülki əhali belə şələ-şüləsini götürüb aradan çıxmağa başladı və onların qarşısını kəsən “müdafiə postları” da vahimələnmış insanları saxlaya bilmədi.
Bir həmləyə Lələtəpə yüksəkliyini və onunla birlikdə 2 min hektar ərazini itirənlər baş verənlərin hələ başlanğıc olduğunu deyəsən anlayırdılar.
Az vaxtda Cocuq Mərcanlını yenidən tikib-quran, əhalini geriyə qaytararaq vətəndaşlarına təhlükəsiz, rahat əmək və yaşayış şəraiti yaradan Azərbaycan dövlətinin gücü, imkanları və real mesajı artıq hamıya çatmışdı.
Prezident İlham Əliyevin hər bir addımı atmazdan öncə onun nəticələrini və həmin nəticələrdən yaranacaq istənilən situasiyanı aradan qaldırmağın üsul və vasitələrini irəlicədən hesablaması da artıq hamıya bəllidir!
***
Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci şapalağını vurdu!
Buna “tərs sillə” də demək olar!
Özü də bu şapalağın səsi Qarabağdan yox, Naxçıvandan gəldi!
Bu dəfə azad olunan vətən torpağının adı isə Günnüt kəndidir!
Birincidən – aprel əməliyyatından da qüdrətli olan bu şapalaq erməniləri elə bir şoka salıb ki… Çünki:
* Bu dəfə nə bir güllə atıldı, nə bir yeni silah işlədildi! Hər şey səssiz-səmirsiz və qəflətən baş verdi!
* Nə az, nə çox – 11 min hektar torpaq sahəsi yenidən qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdi.
* 26 ildən sonra çox mühüm strateji nöqtələr – Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ geri qaytarıldı! 
* Üstəlik, Ermənistandan Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi yolu da hərbçilərimiz tərəfindən nəzarətə götürüldü!
Bu isə o deməkdir ki, əgər Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən başlasa, düşmən ordusu Naxçıvanla Azərbaycan arasında mühasirə vəziyyətinə düşəcəkdir!
Deyəsən, hələ bunu bir qədər gec anlayacaqlar!

 

ƏDALƏTSİZ, HÜQUQUN GÜCSÜZ, GÜCÜN İKİLİ STANDARTLAR TƏTBİQ ETDİYİ ZAMANIN UĞUR TAKTİKASI

Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir!
Münaqişə ona görə çözülməyib ki, bu işlə birbaşa Azərbaycanın özü yox, beynəlxalq təşkilatlar və həmsədr dövlətlər məşğuldur. Belə ki, özü dörd qətnamə qəbul edəndən sonra BMT bu işi ATƏT-in Minsk qrupuna həvalə edib!
ATƏT isə yaranandan bu günədək tapşırılan missiyanın öhdəsindən gələ bilməyib!
Yalnız səmərəsiz səfərlər edib və nəticəsiz danışıqlar aparıb…
Son sözü isə budur ki, “münaqişə tərəfləri hansı mövqeyə gəlsə”, biz onunla razılaşacağıq!
Əgər tərəflər özləri razılaşa bilərdilərsə, onda ATƏT-i niyə yaradıb ona bu zəhməti verirdilər?!
Bəs BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsindəki “Ermənistan qoşunları Azərbaycan ərazilərini qeyd-şərtsiz və dərhal tərk etməlidirlər” tələbini kim yerinə yetirməlidir?!
Bəs Ermənistana işğalçı olduğunu kim deməli və işğal etdiyi ərazilərdən könüllü çıxmadığına görə kim ona sanksiyalar tətbiq etməlidir?!
Ataların bir sözü var: Deyir, çətini boynuna götürməkdir, sonra daşımaq asandır!
Deyəsən, ATƏT boynuna götürüb: 
Ermənistanın prezidenti Dağlıq Qarabağa gəlir, dalınca baş naziri, sonra müdafiə naziri…
ATƏT lal kimi baxır…
İşğal faktını bundan gözəl nə təsdiq edə bilər ki?..
Nə vaxt qeyrətə gələcəklər!
Hələ ki, ədalətsizliyin baş alıb getdiyi, beynəlxalq hüququn gücsüz, gücün isə ikili standartlar tətbiq etdiyi bir dövrdə bu suallara cavab vermək istəyən yoxdur!
Azərbaycan Prezidenti cənab İlham Əliyev isə öz mövqeyində möhkəm və qətidir:
* Azərbaycan ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir!
* Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!
* Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır!
* Azərbaycanın səbri hüdudsuz deyildir və lazım gələndə digər vasitələrdən də istifadə edəcəkdir!
Azərbaycanın dövlət başçısı bu qətiyyətli mövqeyini ortaya qoyarkən özünə güvənir, xalq – iqtidar birliyinə arxalanır, ölkənin iqtisadi gücünü, siyasi nüfuzunu, ordusunun qüdrətini nəzərə alır!
Məhz müstəqil dövlətin müstəqil, düşünülmüş və uzaqgörən siyasətidir onu yenilməz edən!
Budur, Ali Baş Komandanımızın uğur taktikası!

COCUQ MƏRCANLIDAN GÜNNÜTƏ BOYLANARKƏN XANKƏNDİ DƏ GÖRÜNÜR

Cənab İlham Əliyev sözünün sahibi olan dövlət rəhbəridir və bunu əməli fəaliyyətində dəfələrlə sübut edib!
2016-cı ilin üç günlük aprel müharibəsi deyilənləri əyani şəkildə göstərdi. Qısa müddətdə hərbi əməliyyatların nəticəsini təkcə Ermənistan deyil, bütün dünya da bildi və gördü!
Və bu gün də Prezidentimizin verdiyi proqnozlar addımbaaddım özünü doğrultmaqdadır!
Cənab İlham Əliyevin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurlu həlli istiqamətində düşünülmüş, uzaqgörən və reallığa hesablanmış taktikası son iki ildə ikinci dəfədir ki, öz bəhrəsini verir!
Bu taktikanın parametrləri hamıya bəllidir:
* Azərbaycan sülh danışıqları yolu ilə münaqişənin həllinə çalışır;
* Ermənistan işğal olunmuş əraziləri boşaldana qədər blokada vəziyyətində qalacaqdır;
* Azərbaycan dayanmadan iqtisadi qüdrətini yüksəldir, qonşularına, Avropaya və dünyaya fayda gətirən, tərəfdarlarının sayını artıran transmilli layihələri reallaşdırmaqda davam edir!
Qloballaşan dünyaya dəyərli töhfələr verən Azərbaycanın artıq müasir imici də formalaşmışdır:
* Terrorizmə qarşı mübarizəyə daim dəstək verir;
* Dünyaya tolerantlıq nümunəsi göstərir;
* Bəşəriyyəti narahat və təhdid edən problemlərin müzakirə olunduğu, konkret tövsiyə və təkliflər verildiyi məkan funksiyasını oynayır;
* Ən müxtəlif idman yarışlarının mahir təşkilatçısı kimi tanınır;
* Özünün okeana birbaşa çıxışı olmasa da , beynəlxalq yükdaşımalar və logistika mərkəzinə çevrilir;
* Müstəqil, milli və dövləti maraqlara əsaslanan siyasət yeridir.
Bütün bunlarla bahəm qüdrətli, ən müasir texnologiyalara əsaslanan silahlarla silahlanmış güclü ordu yaradıb. Bu ordu aprel müharibəsində öz qüdrətini göstərdi, düşmənə elə bir zərbə vurdu ki, hələ də özünə gələ bilməyib:
Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Lələtəpə yüksəkliyini azad etdi!
Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən tikilib-qurularaq məskunlaşdırıldı!
Böyük Qayıdışa başlandı və bu istiqamətdə ilk addım atıldı!
İkinci addım isə Günnüt hesab olunur!
Bu həm də son dövrlərdə hərbi, siyasi və diplomatik sahədə düşmənə vurulan ikinci şapalaqdır!
Azərbaycanın mövqeyini daha da möhkəmləndirən, Ermənistanı aciz və ümidsiz duruma salan şapalaqdır!
Aprel şapalağı düşməni möhkəm silkələdi!
Təkcə hərbi sistemini yox, siyasi mühitini, vətəndaş cəmiyyətini də sarsıtdı.
Ordu generallarının istefaya göndərilməsi, barələrində cinayət işi açılması ilə məsələ bitmədi!
Bu şapalaq isə erməni xalqını da ayıltdı!
Ermənistanın kriminal rəhbərliyinin əlində alətə çevrilərək dilənçi vəziyyətinə düşən insanlar küçələrə axışaraq haqlarını tələb etməyə, insan kimi yaşamaq hüquqlarının olduğunu kütləvi aksiyalar formasında bəyan etməyə başladılar!
Dövlət başçısı ilə xalq arasındakı hörmət və itaət pərdəsi ayaqlar altına atıldı!
Sərkisyanın korrupsioner, şəxsi maraqlarına xidmət edən və yalnız özünü düşünən cinayətkar olduğu meydanlarda ucadan səsləndirilməyə başlandı!
“Qarabağ klanı” və Ermənistan erməniləri arasındakı ziddiyyət, qarşıdurma və hətta düşmənçilik hərəkətləri bütün səviyyə və sferalarda daha da kəskinləşərək açıq müzakirə mövzusuna çevrildi.
Erməni xalqı dərindən anladı ki, təkcə rəhbər dəyişikliyi onun vəziyyətini heç zaman yaxşılaşdırmayacaq, ölkəni uçurumun dibindən çıxarmayacaq! Qurtuluş üçün dövlət siyasətini dəyişmək, Ermənistan silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq, qonşularla yola gedərək blokadanı aradan qaldırmaq vacibdir!
Ən mühüm iki məqam!
Tərs şapalaqdan ağılları başlarına qayıdan ermənilər ilk dəfə olaraq:

* Düşdükləri müsibətdə əsas günahkarlardan birinin də erməni kilsəsinin olduğunu anlayaraq Ermənistan katalikosu II Qareginə qarşı da etiraz aksiyalarına başladılar!
* Hətta Qarabağ ermənilərinin bəziləri nicatlarının Azərbaycanla bağlılığını başa düşərək kömək üçün İlham Əliyevə müraciət edib, yenidən Azərbaycanın tərkibinə qatılmaq arzularını səsləndirdilər!
Bu gün Cocuq Mərcanlıdan Günnütə tərəf boylananda artıq ağıllanan və qaynayan Xankəndi də görünür!

BƏRK AYAQDA AĞALARINI SATANLARIN PAŞİNYAN HOQQABAZLIĞI

Xankəndidə yaşayan sadə ermənilərin ixtiyarları özlərində deyil – bunu hamı bilir!
Heç Ermənistana rəhbərlik edənlər də özbaşına deyillər! – Bu da məlumdur!
Ən yaxşı halda buyruq quludurlar. – Forpost və satellat dövlətdirlər!
Odur ki, Sərkisyanın gedib, yerinə Paşinyanın gəlməsi mahiyyətcə heç nəyi dəyişmir.
Artıq dəyişən Paşinyanın özüdür!
Meydanda əsgər analarına, erməni gənclərinə, bütövlükdə erməni xalqına verdiyi vədləri “unudaraq”, əslində isə yerinə yetirilməsinin mümkünsüzlüyünü görərək əvvəlki rəhbərlərin dediyini deyir!
Sülh danışıqlarından yayınmağa çalışır: ziddiyyətli, ağlasığmaz və gülünc bəyanatlar verir!
Paşinyanın baş nazir olduğu qısa müddətdə:
* Erməni anaları başa düşdülər ki, övladları yenə də Qarabağda xidmətə göndərilərək orada döyüləcək, öldürüləcək, tabutda geri qaytarılacaqlar!
* Erməni gəncləri anladılar ki, yenə də universitet auditoriyalarını əsgər kazarmaları ilə əvəz edəcəklər!
* Erməni xalqı əmin oldu ki, yenə dilənçi vəziyyətində, qorxu içində yaşayacaq, yalnız köçüb birdəfəlik xaricə getməklə canlarını cani rəhbərlərdən qurtara biləcəklər!
Rusiya ilə Qərb arasında vurnuxan, Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Paşinyan Günnüt şapalağından sonra çətin ki, özünə gələ!
Çünki sələfi Serj Sərkisyan da Cocuq Mərcanlı şapalağından sonra qulağı cırıldaya-cırıldaya getdi!
Yarıköhnə, yarıtəzə Ermənistan rəhbərliyi yarıqərb, yarırus siyasəti yürütmək istəyir…
Amma əslində, ondan da olub, bundan da!
Üstəlik, ordunun yeni rəhbərliyi, Paşinyanın komandası da yeni ərazi itirdi!
Özü də bir dəfəyə 11 min hektar!
Day bunların Sərkisyan generallarından fərqi nə oldu?!
O, generallar aprel şapalağı ilə getdilər!
Bunlar isə Günnüt itkisinə dözməlidirlər?!
Amma hələ bu da son deyil!
Azərbaycan üçün başlanan Böyük Qayıdışın davamıdır!
Başlanğıcını Cocuq Mərcanlıdan götürən qayıdışın!
Hadisələr göstərir ki, prosesi dayandırmaq mümkün olmayacaqdır! Çünki baş verənlərə Ermənistan yox, Azərbaycan tərəfi nəzarət edir!
Azərbaycanın isə dönməz və dəyişməz taktikası, qətiyyətli və uzaqgörən Prezidenti, artıq torpaqların hissə-hissə qaytarılmasını dayanmaz prosesə çevirən İlham Əliyev kimi Ali Baş Komandanı var!

Atalar üçdən deyib!
Birinci şapalaq 2016-nın aprelində gəldi!
İkinci şapalaq bu ilin mayında dəysə də, səsi iyunda çıxdı!
Deyəsən təpiyin vaxtı çatıb!

Bəxtiyar SADIQOV

“Azərbaycan” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: